Dünya 12:47 03.10.2022

ABŞ-ın Putinin nüvə zərbəsinə necə cavab verəcək? - Keçmiş MKİ rəhbəri açıqladı

Rusiya prezidenti Vladimir Putin taktiki nüvə silahından istifadə etmək qərarına gəlsə, ABŞ Ukraynadakı bütün rus qoşunlarını və texnikasını məhv edəcək, həmçinin Qara dəniz donanmasını batıracaq.

Qaynarinfo xəbər verir ki, bunu "ABC News”a müsahibəsində Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, ordunun istefada olan generalı Devid Petreus deyib.

Onun sözlərinə görə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin və Çeçenistan lideri Ramzan Kadırovun açıq şəkildə danışdıqları və Putinin özünün də dəfələrlə eyham vurduğu nüvə eskalasiyasına cavabı ABŞ-ın rəhbərlik etdiyi NATO qüvvələri verəcək.

"Biz <…> Ukrayna və Krımda döyüş meydanında görə və müəyyən edə biləcəyimiz bütün qüvvələri, eləcə də Rusiyanın Qara dənizdəki bütün gəmilərini məhv edəcəyik”, - Petreus bildirib.

Petreus əlavə edib ki, Kremlin ilhaq edilmiş ərazilərə nəzarəti "müdafiə etmək" ilə hədələdiyi Ukraynaya qarşı nüvə zərbəsi, kollektiv özünümüdafiə prosesini işə salan NATO nizamnaməsinin 5-ci maddəsinin əsası kimi görünməyəcək.

Lakin belə bir hücumun radiasiyası Alyans ölkələrinə də çatarsa, o zaman bu vəziyyət NATO üzvü olan bir ölkəyə hücum kimi qiymətləndirilə bilər.

ABŞ nüvə eskalasiyasına getmək istəməsə də, "nəyin (nüvə silahından istifadənin – red.) cavabsız qala bilməyəcəyini” göstərmək lazımdır”, - Petreus vurğulayıb.

Petreus bildirib ki, Xirosimaya atılan bomba ilə müqayisə olunan güclə taktiki nüvə silahından istifadə faktı Rusiyanın məğlub olduğu döyüş meydanındakı vəziyyəti dəyişdirməyəvək.

"Heç bir nizamsız səfərbərlik (bunu başqa sözlə ifadə etmək olmaz), heç bir ilhaq və heç bir üstüörtülü nüvə təhdidi Putini bu vəziyyətdən çıxara bilməyəcək”, - MKİ-nin keçmiş rəhbəri hesab edir.

Xatırladaq ki, Putin sentyabrın 21-də səfərbərlik elan edərkən Qərbi nüvə şantajında ittiham etmiş və Rusiyanın "müxtəlif məhvetmə vasitələrinə sahib olduğunu və bəzi komponentlərində NATO ölkələrindən daha müasir” olduğunu demişdi.

Putinin sözlərinə görə, o, Ukraynanın dörd regionunu birləşdirmək niyyətində olduğu Rusiya Federasiyasının ərazi bütövlüyünü qorumaq üçün "bütün mümkün vasitələrdən” istifadə etməyə hazırdır.

Nizami Bağırov