Dünya 18:36 10.12.2023

ABŞ İsrailə mərmi ötürmək üçün fövqəladə səlahiyyətlərdən istifadə etdi

ABŞ prezidenti Co Baydenin administrasiyası fövqəladə səlahiyyətlərdən istifadə edərək 14 minə yaxın tank əleyhinə raketin İsrailə konqres tərəfindən nəzərdən keçirilmədən satışına icazə verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” Pentaqona istinadən məlumat yayıb. 

ABŞ Dövlət Departamentinin Silah İxracına Nəzarət Aktından istifadə etdiyi qeyd edilir. 106,5 milyon dollar dəyərində tank əleyhinə mərmilərin dərhal İsrailə təhvil verilməsi üçün fövqəladə vəziyyət elan edilib.

Raketlər Bayden administrasiyasının ABŞ Konqresindən təsdiq etməyi xahiş etdiyi paketin bir hissəsidir. Daha böyük paketin məbləği 500 milyon dollardır. Buraya İsrailin "Merkava" tankları üçün 45 min mərmi daxildir.

Pentaqonun bəyanatına görə, ABŞ dövlət katibi Entoni Blinken İsrailə tank əleyhinə sursatların dərhal ötürülməsinin Amerikanın milli təhlükəsizliyinin maraqlarına uyğun olduğunu müəyyənləşdirib və ətraflı əsaslandırıb.

Mərmilər ABŞ ordusunun anbarlarından tədarük ediləcək. Dəstək 120 mm M830A1 MPAT tank mərmilərindən və müvafiq avadanlıqdan ibarət olacaq.

"İsrail genişləndirilmiş imkanlardan regional təhlükələrin qarşısını almaq və daxili müdafiəsini gücləndirmək vasitəsi kimi istifadə edəcək", deyə Pentaqon bildirib.

Eyni zamanda, belə bir addımın ABŞ-ın müdafiə qabiliyyətinə mənfi təsir etməyəcəyi vurğulanıb.

Aydın