Dünya 12:26 02.02.2024

ABŞ İsveçin NATO-ya daxil olması üçün Macarıstandan dərhal razılıq tələb edir

ABŞ-ın yüksək rütbəli qanunvericiləri Macarıstanın İsveçin NATO-ya daxil olmasına dərhal razılıq verməsini istədiklərini bildiriblər və əlavə ediblər ki, Budapeşt hərəkətə keçməsə, Vaşinqtonla münasibətlərini "düzəldilməz şəkildə zədələmək” riski ilə üzləşəcək.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Senatın Xarici əlaqələr komitəsinin sədri Ben Kardin hazırkı Macarıstan hökumətinin kursu ilə bağlı "dərin narahatlığını" ifadə edib.

"Tərəfdaşlar belə etmirlər. Və mən onların vizasız proqramımız üçün etibarlı müttəfiq olduğuna şübhə edirəm”, - senator bildirib.

Vizadan imtina proqramı 41 ölkənin vətəndaşlarına ABŞ-a 90 günə qədər vizasız səyahət etmək imkanı verir.

Qeyd olunur ki, Senatda NATO Monitorinq qrupunun həmsədri olan senatorlar demokrat Cin Şahin və respublikaçı Tom Tillis bəyanat yayaraq Macarıstanı kursunu dəyişməyə çağırıblar.

Bəyanatda deyilir: "Macarıstanın hərəkətsizliyi onun ABŞ və NATO ilə münasibətlərinə dönməz şəkildə zərər vurmaq riski daşıyır”.

Qeyd edək ki, Macarıstan hələ ki, İsveçin alyansa qoşulmaq üçün müraciətini təsdiqləməyən yeganə NATO üzvüdür.

2022-ci ilin mayında İsveç və Finlandiya eyni vaxtda Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi fonunda NATO-ya üzv olmaq üçün müraciət ediblər.
Aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-ya qoşulub və Şimali Atlantika Alyansının 31-ci üzvü olub.

Türkiyə parlamenti yanvarın 23-də İsveçin NATO-ya üzvlüyünü təsdiqlədikdən sonra Orban hökumətinin də belə bir qərarı dəstəklədiyini bildirib və parlamenti İsveçin ərizəsini ratifikasiya etmək üçün tez səs verməyə çağırıb.

Bununla belə, Macarıstan parlamentinin spikeri Laslo Kevera bildirib ki, ölkəsi İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya etməyə tələsməyəcək, çünki o, "təcililiyi hiss etmir”.

Fevralın 1-də bildirilib ki, Macarıstan parlamenti İsveçin NATO-ya üzvlük müraciətinə artıq gələn həftə baxa bilər.

Nizami Bağırov