Siyasət 17:30 29.06.2022

ABŞ rəhbərliyi Azərbaycanın önəmini anlayır – Deputat

ABŞ prezidenti Co Bayden müvafiq qərarı ilə Vaşinqtonun Azərbaycana birbaşa hərbi yardımını qadağan edən "Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddəti növbəti dəfə uzadılıb. Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ilin oktyabrın 24-də Konqres tərəfindən qəbul edilib. O vaxt senator olmuş Co Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış edib. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi o zamankı prezident Corc Buşa düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. 

Məsələni Qaynarinfo-ya şərh edən Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, "907-ci düzəliş”in ləğvi imkanları çox aşağıdır. Bununla belə, Baydenin atdığı addım Bakı-Vaşinqton münasibətlərinin ruhuna uyğun siyasi gedişdir: 

"1992-ci ildə qəbul edilən bu qərarla ABŞ postsovet ölkələri arasında Azərbaycana dövlət səviyyəsində iqtisadi qadağa tətbiq etdi. Səbəb kimi isə Azərbaycanın guya Ermənistanı iqtisadi blokadada saxlaması göstərilirdi. Yəni Vaşinqton Azərbaycanı təcavüzdə ittiham edərək belə bir beynəlxalq hüquqa zidd addım atıb. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq antiterror koalisiyasında fəal iştirak etməsi fonunda isə 2002-ci ildən başlayaraq Buş adminstrasiyası "907-ci maddəni” hər il qüvvədən salmaqla bağlı qərar qəbul etdi. Prezident hər il bu məsələyə qayıdaraq, onun fəaliyyətini dayandırıb. Yəni artıq 20 ildir ki, prezident "907-ci düzəliş”in qarşısını alır”. 

Deputat qeyd edir ki, qərarın birdəfəlik ləğvi isə hələlik alınmır: 

"Konqresdə bu və ya digər qanunun tam ləğvi üçün üçdə iki səs çoxluğu lazımdır. Bu alınmadığından Bayden də öz səlahiyyətindən istifadə edərək həmin addımı atıb. Bu bir daha onu göstərir ki, ABŞ Azərbaycanın regiondakı yeri və oynadığı rolu, beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfəni, Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirir. Addım ABŞ-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinə uyğundur. Amma ideal olan bu qanunun tamamilə ləğvidir. Lakin dediyim kimi qəliz məsələdir. ABŞ-da ilk prezidentdən 40-cı prezidentinə qədər bu və ya digər qəbul edilən qanunun Konqres tərəfindən ləğvi cəmi 4 faizdir”. 

Rüfət Sultan