Dünya 13:28 31.08.2023

ABŞ Tayvana alınan silahların pulunu ödəyəcək - 80 milyonluq tranş təsdiqləndi

ABŞ Tayvana silah alınması üçün 80 milyon dollar ayıracaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” Konqresə göndərilən sənədə istinadən yazır.

Bildirilir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası xarici hərbi maliyyələşdirmə proqramı çərçivəsində tranşı təsdiqləyib. Vəsaitlər "Tayvanın özünümüdafiə imkanlarının gücləndirilməsi", eləcə də dəniz təhlükəsizlik qüvvələrinin modernləşdirilməsi üçün istifadə olunacaq.

KİV-in məlumatına görə, bu proqram çərçivəsində xarici hökumətlərə Amerika texnikasının alınması və hərbi təlimlərin keçirilməsi üçün təmənnasız yardım göstərilir. Proqram "suveren dövlətlərə" kömək etmək üçün istifadə olunur.

Bundan əvvəl, iyulun 29-da ABŞ prezidenti Co Bayden Tayvana insan daşıya bilən hava hücumundan müdafiə sistemləri, raketlər və kəşfiyyat avadanlığı da daxil olmaqla 345 milyon dollara qədər hərbi yardım ayrılacağını açıqlamışdı. Buna cavab olaraq Çin Tayvana silah satışını dayandırmağı tələb edib. Qeyd edək ki, Çin Tayvanı öz ərazisi hesab edir.

Alpər