Dünya 14:10 07.12.2023

ABŞ təzyiq etdi, İsrail Qəzzaya yanacaq tədarükünü artırmaq qərarı verdi

railin baş naziri Binyamin Netanyahunun ofisi Qəzza zolağına veriləcək yanacağın gündəlik miqdarının artırılması təklifini təsdiqlədiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of Israel” məlumat yayıb.

Ölkənin təhlükəsizlik kabineti müvafiq qərarın lehinə səs verib, təklif İsrail hərbi kabineti tərəfindən irəli sürülüb.

Netanyahunun ofisindən verilən açıqlamada tədarükün nə qədər artacağı dəqiq göstərilməsə də, təsdiq edilmiş əlavə yanacaq miqdarının "Qəzza zolağının cənubunda humanitar böhranın və epidemiyaların baş verməsinin qarşısını almaq üçün lazım olan minimum məbləğ” olduğu qeyd edilib.

Netanyahunun ofisindən verilən məlumata görə, bu minimum rəqəm Qəzzada xəstəlik səviyyəsinə və humanitar vəziyyətə uyğun olaraq zaman-zaman hərbi kabinet tərəfindən müəyyən ediləcək.

Təhlükəsizlik kabinetinin iclasının "ABŞ-ın təzyiqi altında” keçirildiyi bildirilir. İclasda Vaşinqton gündəlik yanacaq tədarükünü iki dəfə, hətta üç dəfə artırmağı tələb edib. Hazırda tədarükün gündəlik miqdarı 60 min litr təşkil edir.

Nizami Bağırov