Dünya 15:44 23.02.2024

ABŞ Ukrayna və Navalnıya görə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar paketi tətbiq etdi

ABŞ Ukraynadakı müharibəyə və rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar paketi tətbiq edib.

Qaynarinfo Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
 
"Bu gün mən Rusiyaya Ukraynada davam edən işğalçılıq müharibəsinə və Aleksey Navalnının ölümünə görə 500-dən çox yeni sanksiyalar elan edirəm”, - Bayden deyib. 

Bayden bildirib ki, sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxsləri, həmçinin Rusiyanın maliyyə sektorunu, müdafiə sənayesi bazasını, təchizat şəbəkələrini və bir çox qitələrdə sanksiyalardan yayınanları hədəf alacaq.

"Onlar imkan verəcəklər ki, Putin xaricdəki aqressiyasına və daxildə repressiyalarına görə daha da yüksək qiymət ödəsin”, - o vurğulayıb.

Bundan əlavə, Birləşmiş Ştatlar "Rusiya hərbi maşınına gizli dəstək verdiyi” üçün 100-ə yaxın təşkilata yeni ixrac məhdudiyyətləri tətbiq edir.

"Biz Rusiyanın enerji gəlirlərini daha da azaltmaq üçün tədbirlər görürük. Mən komandama vətəndaş cəmiyyətinə, müstəqil mediaya və bütün dünyada demokratiya uğrunda mübarizə aparanlara dəstəyi gücləndirməyi tapşırdım", - Bayden vurğulayıb.

Nizami Bağırov