Ölkə 10:05 26.09.2023

Adapteri “tok”a taxanda partlayış oldu - Ər-arvad öldü

Kürdəmir rayonunda ər və arvadının ölümü ilə nəticələnən partlayış baş verib.

Qaynarinfo xəbər verir ki, dünən günorta saatlarında rayonun Çöhranlı kəndində 37 yaşlı Vüsal Hətəmxan oğlu Zərbəliyev və arvadı 35 yaşlı Şəbnəm ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlar vəziyyətləri ağır olduğu üçün Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə göndəriliblər. Lakin az sonra ər və arvadı vəfat edib.

İlkin araşdırma zamanı məlum olub ki, ailə üzvləri evə daxil olaraq telefonu şarj etmək məqsədilə adapteri elektrik cərəyanına qoşublar. Bu zaman mənzildə güclü partlayış baş verib. Sonradan yanğına keçən partlayışda xəsarət alan şəxslər küçəyə çıxaraq kömək istəyiblər və qonşuları onları xəstəxanaya aparıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.