İdman 14:37 23.08.2023

Adil Nağıyev: "Təəssüf ki, bəzən işlər istədiyimiz kimi getmir"

Futbol üzrə Azərbaycan Premyer Liqasında üç tur geridə qalıb. Çempionata uğursuz başlayan "Səbail" arxada qalan oyunların ikisində məğlub olub, birində isə heç-heçə edib. 

Maraqlıdır ki, "Sumqayıt" (1:4) və "Zirə"yə (1:2) uduzan paytaxt klubu çempionatın favoritlərindən olan "Neftçi"dən xal almağı bacarıb -1:1. 

Qaynarinfo-ya danışan "Səbail"in futbolçusu Adil Nağıyev komandasının çıxışını dəyərləndirib:

"Zirə"yə qarşı yaxşı oyun sərgiləsək də, təəssüf ki, nəticə istədiyimiz kimi olmadı. Oynadığımız oyuna görə ən azından 1 xala layiq idik. Məğlubiyyətə görə təbii ki, komandada üzüntü var. Lakin bu matç artıq geridə qalıb. Qarşıda Tovuzla səfər qarşılaşması var. Hər rəqibə eyni yanaşırıq. Hər matça da yaxşı nəticə qazanmaq üçün çıxırıq. 

Təəssüf ki, bəzən işlər istədiyimiz kimi getmir. "Sumqayıt"la oyunda şanssız anlar yaşadıq. Qapımıza təyin olunan penaltidən sonra sanki oyunumuz alınmadı. "Neftçi" ilə görüşə gəlincə, qalib gəlmək üçün çox sayda imkanımız oldu. Lakin bundan yararlana bilmədik və 1 xalla kifayətlənməli olduq. Əsas məqsədimiz Tovuzdan yaxşı nəticə ilə qayıtmaqdır. Bütün komanda olaraq buna inanırıq".

Qeyd edək ki, IV tur çərçivəsində 26 avqustda keçiriləcək "Turan Tovuz" - "Səbail" matçı 17:00-da başlayacaq. 

Röya Kərimli