İdman 16:28 09.02.2024

AFFA-nın iki ayda iki dəfə liqadan kənarlaşdırdığı "Qoşqar"ın baş məşqçisi: “O uşaqları da buraxmadılar”

AFFA-nın İntizam Komitəsinin son iclasında Gəncə klubu "Qoşqar"ın çempionatdan uzaqlaşdırılmasına qərar verib.
 
Buna səbəb onların fevralın üçündə digər yerli komanda "Arzu" ilə oyuna gəlməməsi olub. Nəticədə AFFA U-10 liqasında bu görüş baş tutmayıb. "Qoşqar"a 0:3 hesablı texniki məğlubiyyət verilib, üstəlik komanda üçüncü dəfə rəsmi oyuna gəlmədiyi üçün ölkə çempionatından kənarlaşdırılıb.

Əslində bunu əbəs yerə qabartmadıq. Məsələ burasındadır ki, Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə (UGİŞM) aid olduğu deyilən bu komandanın artıq ikinci dəfədir ki, ölkə çempionatlarından uzaqlaşdırılır. Belə ki, ötən il "Qoşqar”ın U-11 komandası da eyni səbəbdən dekabrda yarışlardan kənarlaşdırılmışdı. Yəni, son iki ay ərzində "Qoşqar”ın iki yaş qrupu AFFA-nın keçirdiyi yarışlardan kənarlaşdırılıb. Azərbaycan futbolunda xüsusi yeri olan, ölkəyə neçə-neçə futbolçular bəxş etmiş Gəncədə belə halların yaşanması çox üzücüdür. Təbii ki, buna cavabdeh olan şəxslər var və onların məsuliyyətsizliyi uşaq futbolunun inkişafında problemlərə gətirib çıxarır.

Dövlətin də maliyyə dəstəyi verdiyi bir komanda son iki ayda necə olur ki, iki qrup üzrə yarışlardan uzaqlaşdırılır? Bəs həmin komandaya cavabdeh olan qurumlara ayrılan pullar hara xərclənir, kimin cibinə axır? Niyə Gəncə kimi regionda komandaların inkişafına şərait yaradılmır? Təbii ki, məsələni bir qədər də dərindən araşdırmaq üçün əvvəlcə həmin UGİŞM-in direktoru Asif Həsənovla əlaqə saxladıq.

Həsənov Qaynarinfo-ya açıqlamasında komandanın UGİŞM-ə aidiyyatı olmadığını bildirdi:

"Komanda bizim məktəbin nəzdində deyil. Məktəbin ayrı komandaları var, Azərbaycan birinciliyinin yarışlarında iştirak edirlər. Onların birbaşa bizimlə əlaqəsi yoxdur. Bizim məşqçi-müəlluimlər AFFA-nın yarışlarına komanda çıxara bilirlər. Amma bu bizim məktəbin məsuliyyətində deyil. Biz şahmat məktəbiyik. Bu yarışlara müəllimlər öz təşəbbüsləri ilə komanda çıxarırlar. Bir də görürsən, hansısa müəllim yarışa 5-6 komanda salır. Heç birinin məktəbimizin fəaliyyəti ilə əlaqəsi yoxdur”.

Əlbəttə, Həsənovun dedikləri qaneedici olmadığından araşdırmanı davam etdirdik. Maraqlıdır müəllimi komanda yaradırsa, necə olur ki, məktəb buna cavabdehlik daşımır? Belə çıxır ki, hər kəs istədiyi kimi komanda yaradıb məktəbin adından yarışlara qoşula bilər? Bəs məsuliyyəti kim daşıyır? Hər halda məsələ ilə bağlı "Qoşqar”ın baş məşqçisi Aqil Əliyevə də sual ünvanladıq. Gəncənin tanınmış uşaq məşqçilərindən olan Əliyev belə izahat verdi:

"Bir neçə uşaq xəstələnmişdi, bəzilərinin də sünnət toyu olmuşdu. Özü də ardıcıl olaraq. Belədə komandanı oyunlara gətirə bilmədik. Bizə iclasda demişdilər ki, fərq etməz, digər yaşlarda olan uşaqları dəvət edə bilərik. Yəni aşağı liqalarda say hesabı düzəlirsə, komanda oynaya bilər. Onsuz da nəticə sayılmır. Tutaq ki, üç nəfər 2014, dörd nəfər 2015 təvəllüdlü oyunçu ilə komanda düzəlirsə, oynamaq mümkündür. Amma buna icazə vermədilər. Sonuncu oyun məqamında adı siyahıda olan uşaqları belə oyunlara buraxmadılar. Nəticədə komandanı oyuna çıxara bilmədik. Uşaqların da əksəriyyəti qızılca çıxarmışdı. Bunlar həyatda olan şeylərdir. Bundan əvvəl yenə eyni səbəblərdən komanda oyuna gələ bilməmişdi. Məsələn iki uşağın kiçik toyu olduğu üçün valideynləri onları buraxmamışdı. Valideynə nə deyə bilərik ki? Demək olar, 7-8 nəfər uşaq eyni anda həmin səbəblərdən oyuna gəlməmişdi. Biz də 11, 12 uşaq qeydiyyatdan keçirmişdik. Gəncədə keçirilən yarışların kuratoru Elşad müəllimə həmin uşaqları qeydiyyata salmağa ehtiyac olmadığını demişdim. Püşkatmada Elşad müəllim mənimlə əlaqə saxladı, dedi, doqquz nəfər qeydiyyatdan keçib. Mən də aşağı liqadan bir neçə uşaq da əlavə etmək istədiyimi bildirdim. Onsuz da səkkizyaşlılar oynamır, onları dəvət etmək mümkün idi. Ancaq buna icazə vermədi və cəmi doqquz nəfəri qeydiyyatdan keçirdiklərini bildirdi. Sənan müəllimə də demişdim. Dedilər, özünüz tənzimləyin. Yəni səbəb budur. Bəli, AFFA-nın əsasnaməsinə uyğun olaraq üç dəfə oyuna gəlməyən komanda yarışdan kənarlaşdırılır. Buna nəsə deyə bilmərik. Başqa qeyri-qanuni heç nə etməmişik. "Qoşqar” Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə aid deyil, müstəqil komandadır. Bu problemlər bizdən asılı deyil. Tutaq ki, hansısa valideyn uşağını bir ay məşqlərə göndərir, daha sonra başqa komandaya aparır. Bu halda valideynə heç nə deyə bilmərik. Yəni, bu könüllüdür, məcburi deyil. Çox uşaq tapa bilmirik. Misal üçün, səkkizyaşlıların çempioantı keçirilmirsə, bu uşaqlar doqquzyaşlılardan ibarət komandada oynaya bilər. Amma valideyn uşağı buraxmırsa, əlbəttə, say düzəlməyəcək. Əsasnaməyə uyğun olmayan komanda yarışa buraxılmadığı üçün belə vəziyyət yarandı. Komandanı heç kim maliyyələşdirmir. Yarışlar Göygöldə olanda yol xərclərini AFFA ödəyirdi. U-14 liqasında isə heç bir komandaya təminat verilmir. Yalnız həmin komandaların yarımfinalda, yaxud finalda başqa rayonun təmsilçisi ilə oyunu olarsa, maliyyə ilə təmin edilir. Amma yarışlar Gəncədə keçirildiyi üçün belə təminat verilmir. Yayda daha çox uşaq gəlir, amma qışda say azalır. Neçə illər əvvəl AFFA komandaları geyimlə də təmin edirdi. Lakin 6-7 ildir ki, AFFA tərəfindən forma təminatı yoxdur. Əvvəlki formaları özümdə saxlayıb uşaqlara veririk. Bir də idman məktəbi tərəfindən verilən formalardan istifadə edirik. Məsələ belədir, başqa problem yoxdur”.

AFFA-nın Gəncədə yarışların keçirilməsinə cavabdeh olan nümayəndəsi Elşad Abdullayev isə uşaqların qeydiyyat məsələlərinin onlara aid olmadığını dedi:

"Bir komanda üç dəfə yarışda iştirak etmirsə, avtomatik olaraqq kənarlaşdırılır. Amma qeydiyyat məsələsinə biz baxmırıq. Uşaqların sayında çatışmazlıq olarsa, komandanın meydana çıxmasına icazə verilmir. Komanda yarışda niyə iştirak etmədiyini bilmirəm. Hər dəfə bununla maraqlana bilmirik. Uşaqlar xəstə olur, ya da hansı səbəblərdən oyuna gəlmir. Bizdən heç kim icazə almır, sadəcə yarışın təşkilatçısıyıq. Komanda meydançada olmalıdır ki, oyun baş tutsun”.

Gördüyünüz kimi, müsahiblərin hərəsi bir səbəb göstərib məsuliyyəti üzərlərinə götürmədi. Baş məşqçinin dediklərindən belə qənaətə gəlmək olar ki, komanda üçün çox az futbolçu qeydiyyatdan keçirilib. Sonradan müxtəlif səbəblərdən problem yaranıb və oyunlara gəlməyən uşaqları başqaları ilə əvəzləmək mümkün olmayıb. Bəs problemin belə desək, "yiyəsi” kimdir? Bir qədər gülməli vəziyyət yaranıb. Baş məşqçi deyir ki, məktəb bizə forma dəstəyi filan verir, oynayırıq. Məktəbin direktoru isə yarışdan qovulan komandanın onlara aid olmadığını deyir. Hə kurator isə ümumiyyətlə qeydiyyat məsələlərinə baxmadığını, ancaq yarışları təşkil etməyə cavabdehlik daşıdığını bildirib. Hə-ə, AFFA-nın da müəyyən mənada məsuliyyəti var. Yarışa buraxılan komandaları yoxlamadan iştirakına icazə verir. Maraqlıdır, doqquz nəfərlə qeydiyyatdan keçən komanda hansı əsasla çempionatda iştirak edir? Niyə AFFA maliyyə ayırdığı komandanın davamiyyətini təmin etməyə çalışmır ki, sonradan belə nəticələr ortaya çıxır? Suallar çox, cavab isə yoxdur…

Səbuhi Həsənov