Dünya 14:14 07.06.2023

Ağ Ev Lavrova cavab verdi: Ukraynalılardan qorxursunuzsa…

Ağ Ev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun F-16 qırıcılarının Ukraynaya verilməsinin gərginliyin daha da artmasına gətirib çıxaracağını iddia edən açıqlamalarına münasibət bildirib.

Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı açıqlama verib

"Nazir Lavrova demək istədiyim ilk şey odur ki, əgər siz Ukraynanın hərbi potensialından narahatsınızsa, o zaman qoşunlarınızı geri çəkib Ukraynanı tərk etməlisiniz”, - o deyib.

Kirbi bildirib ki, F-16-lar Ukraynanın uzunmüddətli müdafiə ehtiyaclarının bir hissəsi kimi təmin ediləcək. Söhbət Ukraynaya özünümüdafiə ehtiyaclarını ödəməyə kömək etməkdən gedir.

Xatırladaq ki, Lavrov daha əvvəl bildirmişdi ki, Qərb müharibənin eskalasiyasını davam etdirməyə hazırlaşır. Xüsusilə, o, F-16-nın modifikasiyalarından birinin nüvə silahı daşımağa qadir olduğunu iddia edib.

Kirbi cavab verərək deyib ki, "ağılsız nüvə ritorikasından istifadə edən ABŞ deyil, xarici işlər naziri Lavrov, prezident Putin və Putinin sözçüsü Peskov kimi insanlardır”.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski "qırıcı koalisiya”ya daxil olan bir neçə dövlətin Ukraynaya F-16-ların verilməsi ilə bağlı konkret təkliflər təqdim etdiyini bildirib.

Ukrayna üzrə "qırıcı koalisiya”ya hazırda səkkiz Avropa ölkəsi - Böyük Britaniya, Niderland, Polşa, Danimarka, İsveç, Belçika, Portuqaliya və Fransa daxildir.

Nizami Bağırov