Ölkə 18:11 08.07.2022

Ağsunun Bico və Keçdiməz kəndlərində su böhranı

Ağsu rayonunun Bico və Keçdiməz kəndlərində su böhranı yaranıb. 

Bu barədə kənd sakinləri Qaynarinfo-ya bildirib. Onların sözlərinə görə, 5 ildir ki, Oğuz-Qəbələ-Bakı su kəmərindən Ağsu rayonunun Bico kəndinə su verilir. Prezidentin müvafiq sərəncamına, Nazirlər Kabinetinin qərarına əsasən, pulsuz və fasiləsiz nəzərdə tutulan bu layihə Bico və eyniadlı ərazi dairəsində yerləşən Keçdiməz kəndini də əhatə etməlidir: 

"Lakin 2 il normal su görən bu kəndlər, 3 ildir ki, yenidən susuzluq məşəqqətinə düçar edilib. Təxminən 3 il əvvəl Asim Həmzəyev adlı Bico kənd sakinini kənd icra nümayəndəsi Bəhlul Mahmudovun təqdimatı, icra başçısının indiki birinci müavini Füzuli Kərimlinin razılığı ilə Ucar Regional Su-Kanal İdarəsinin o vaxtkı rəisi Əvəz Nəbiyev yuxarıda adları çəkilən kəndlərə "su nəzarətçisi" təyin etdi. Elə o vaxtdan kənd camaatının su aydınlığı "səhra burulğanı"nda əriyib yoxa çıxdı. Əvvəlcə icra nümayəndəsi Bəhlul Mahmudovun özünü susuz qoyan Asim Həmzəyev sonra başladı kəndarası magistral su xətlərinin görünməyən yerlərini "qurdalamağa".

Sakinlər deyir ki, Bico kəndinin, relyefə uyğun olaraq, yuxarı hissəsinin su təminatı kəndin ortasında quraşdırılmış 50-60 tonluq su çənindən nasos vasitəsilə həyata keçirilir. Həmin çənə əsas xətdən ayrıca dəmir boru birləşdirilib ki, öz axını ilə su çatmayan məhəllələrə gündəlik su vurulsun: 

"Ancaq nəzarətçi, öz etiraflarına görə, vaxtilə Ucar Rayon Sukanalı İdarəsinin rəisi Əvəz Nəbiyevin, Ağsunun icra başçısının birinci müavini Füzuli Kərimlinin, eləcə də rayonun baş memarı Mirəli Qurbanovun təkid və tələbləri ilə toxunulmaz olan boruya müdaxilə edərək, borunun ətrafında olan ev və məhəllələrə əlavə xətlər verib. Nəticədə, kəndin yarıdan yuxarı hissəsi üçün nəzərdə tutulan çən-anbara lazımi səviyyədə su gedib çatmır. Ağsu Su-Kanal İdarəsinin bir neçə ay əvvəl təyin olunmuş rəisi Elçin Muxtarov və nəzarətçi Asim Həmzəyev "çıxış yolu" kimi, əvvəlcə kəndin aşağı hissəsinin və Keçdiməz kəndinin su alma müddətini 5 saata endirdilər, sonra kəndlərin öz axını ilə su alan hissələrinə siyirtmələr(krantlar) yerləşdirməklə camaatı üz-üzə qoydular. Bir aya yaxındır ki, suyun verilişini endiriblər 2 saata, onun da yarım saatı hava çıxmasına sərf olunur. Ümumiyyətlə, kəndin aşağı və yuxarı hissəsində magistral xətlərə maraq müqabilində olunan müdaxilələr hamının eyni səviyyədə su ilə təmin olunmasına problem yaradır.

Kənd əhalisinin etirazları getdikcə artır. Yayın qızmar günlərində susuz qoyulan camaat dəfələrlə kənd və rayon rəhbərliyinə, su idarəsinin müdirinə, eləcə də "Azərsu”ya müraciətlər edib. Müraciətlərin əksəriyyəti su nəzarətçisinin özbaşınalığından olsa da, aidiyyatı qurumlar Asim Həmzəyevi gündən-günə artan ciddi narazılıqlar müqabilində işdən kənarlaşdırmaq və bununla da problemi həll etmək istəmirlər. Elçin Muxtarov onun işdə qalmağında maraqlı görünür, Bəhlul Mahmudovsa "mən onun təqdimatını yazıb, düşmən olmaq istəmirəm" deyir”.

Sakinlərin sözlərinə görə, Bico və Keçdiməz kəndlərinin mövcud su problemləri ilə bağlı Ağsu Sukanal İdarəsi tərəfindən "Azərsu” ya maraqlı bəhanə uydurulub. "Guya kəndlərin aşağı məhəllələri kütləvi şəkildə bağ-bostan suvardığına görə, Bico kəndinin yuxarı məhəllələri su sarıdan əziyyət çəkir. Həqiqət isə bundan ibarətdir ki, çən-anbara qalxan toxunulmaz boru dəlmə-deşik edildiyindən, bilərəkdən suyun təzyiqi az verildiyindən, məhəllələrarası siyirtmələr "çörək ağacı" kimi nəzərdə tutulduğundan, təxminən 300-ə yaxın evdən ibarət olan iki kəndin əhalisi yayın istisinda su üzünə həsrət qalıb”, - deyə sakinlər bildirib.  

Seyid