İdman 12:56 10.08.2022

Şahmatçılarımızın mövqeyi müəyyənləşdi

Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında son turun görüşləri keçirilib.

Qaynarinfo xəbər verir ki, 16 xalla üçüncü sırada olan qadınlardan ibarət yığmamız XI turda Gürcüstan kollektivi ilə qarşılaşıb. Günay Məmmədzadə birinci, Gövhər Beydullayeva üçüncü lövhədə görüşlərini heç-heçə ilə başa vurub. İkinci və dördüncü lövhələrdəki təmsilçilərimiz - Xanım Balacayeva ilə Ülviyyə Fətəliyeva isə məğlubiyyətlə üzləşiblər. Beləliklə, yekunda 1:3 hesabı ilə uduzan yığma yekun sıralamada 8-ci olub.

Turnir boyu layiqli mübarizə sərgiləyən qadınlardan ibarət millimiz fərdi lövhələrdə medallara layiq görülüb. Xanım Balacayeva 9 partiyada 7 xal toplamaqla ikinci lövhədə bürünc, ehtiyat şahmatçımız Ülviyyə Fətəliyeva isə 8 oyunda 5 xal qazanmaqla fərdi nəticələrinə görə gümüş medala layiq görülüb. 
 
Kişilərdən ibarət milli isə Serbiya ilə münasibətləri aydınlaşdırıb. Şəhriyar Məmmədyarovun ilk lövhədəki qələbəsi görüşdə həlledici olub və komandamız rəqibini 2,5:1,5 hesabı ilə yenib. Bu nəticə ilə xalını 16-ya çatdıran yığma 7-ci yerlə kifayətlənib.
 
Kişilərin yarışında çempion Özbəkistan, qadınlarda isə Ukrayna seçməsi olub.
 
Səbuhi Həsənov