Dünya 19:39 21.06.2023

Aİ 2027-yə qədər Ukraynanın maliyyə ehtiyaclarının 45%-ni ödəyəcəyini vəd etdi

Avropa İttifaqı 2027-ci ilə qədər Ukraynanın bütün maliyyə ehtiyaclarının 45%-ni ödəyəcək.

Qaynarinfo xəbər verir ki, bunu çərşənbə günü Londonda Ukraynanın bərpasına həsr olunmuş beynəlxalq konfransda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.

Avropa Komissiyasının sədrinin sözlərinə görə, 2027-ci ilə qədər Ukrayna maliyyə sistemində kəsir təxminən 60 milyard avro təşkil edəcək. Sürətli bərpa ehtiyacı təxminən 50 milyard avro təşkil edəcək. Bu o deməkdir ki, ümumi kəsir 2027-ci ilə qədər 110 milyard avro təşkil edəcək.

"Ona görə də dünən mən Aİ üzvlərinə bu kəsirin 45%-ni ödəməyi təklif etdim. Bu, Ukrayna üçün təxminən 50 milyard avrodur" - fon der Lyayen bildirib.

Maliyyələşdirmə Avropa qrantları, kreditləri şəklində, eləcə də əvvəllər dondurulmuş Rusiya aktivləri hesabına həyata keçiriləcək.
"Biz Ukrayna ilə lazım olan qədər işləyəcəyik. Bu gün investisiya və islahatların planlaşdırılmasını ətraflı müzakirə edəcəyik. Bu plan bütün beynəlxalq donorlar üçün lövbərə çevrilə bilər. Biz proqnozlaşdırıla bilməliyik. Bu, koordinasiyamıza kömək edəcək və təsirimizi maksimum dərəcədə artıracaq", - Avropa rəsmisi qeyd edib. 

Xatırladaq ki, konfrans ərəfəsində Avropa Komissiyası Ukraynaya qrant və kredit şəklində 50 milyard avro maliyyə yardımı ayırmağı təklif edib.
Vurğulanıb ki, bu yardım Kiyev hökuməti üçün perspektiv və proqnozlaşdırıla bilən imkan verəcək, həmçinin "digər donorları daha fəal olmağa stimullaşdıracaq.”

Nizami Bağırov