Dünya 12:25 21.02.2023

Aİ Rusiyaya qarşı sanksiyaları bir il də uzatdı: Onuncu paket gəlir

Aİ Şurası Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların gələn il fevralın 24-dək uzadılması barədə qərar qəbul edib. 

Qaynarinfo xəbər verir ki, müvafiq qərar Avropa İttifaqının rəsmi jurnalında dərc olunub. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sonuncu dəfə Aİ Şurası sanksiyaların müddətini altı ay, iyulun 31-dək uzadıb. Brüsselin Krımın ilhaqından sonra ilk dəfə tətbiq etdiyi sektor sanksiyaları 2022-ci ilin fevralından sonra əhəmiyyətli dərəcədə genişləndirilib.

Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri Aİ artıq Rusiya Federasiyasına qarşı doqquz sanksiya paketi tətbiq edib. Hazırda məhdudiyyətlər ticarət, maliyyə, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və lüks mallara təsir göstərir. Bundan əlavə, sanksiyalar xam neftin və bəzi neft məhsullarının Rusiyadan Aİ-yə dəniz yolu ilə idxalını və ya daşınmasını qadağan edir. Məhdudiyyətlərə bir sıra Rusiya banklarının SWIFT maliyyə mesajlaşma sistemindən çıxarılması və bir sıra Rusiya KİV-lərinin yayımının dayandırılması da daxildir.

İndi Aİ alyansda bu məsələ ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, fevralın 24-dək qəbul edilməsi gözlənilən yeni, onuncu sanksiyalar paketini müzakirə edir.

Alpər