Dünya 15:56 23.06.2022

Aleksey Navalnı qatillərlə eyni koloniyada: "Məhbuslar yaxşıdır, sakit, mehriban"

Bir həftə əvvəl Vladimir vilayətinin Melexovo kəndindəki 6 saylı ciddi rejimli koloniyaya köçürülən rusiyalı müxalifət lideri Aleksey Navalnı qətldə təqsirli bilinənlərlə eyni dəstəyə göndərildiyini deyib.

Qaynarinfo-nun məlumatına görə, Navalnının "Instagram" paylaşımında deyilir ki, bu bölmə zonanın qalan hissəsindən tamamilə təcrid olunmuş ərazidə yerləşir. "Tamamilə dəhşət və dözülməz rejimə malik həbsxana daxilində həbsxana” deyən siyasətçi daha sonra bu haqda çox yazacağını vəd edib.

"Ancaq məhbuslar yaxşıdır. Sakit, mehriban. Gələndə dərhal düşündüm: qatillər. Və belə də çıxdı. Demək olar ki, hamısı qatildir”, deyə Navalnı yazıb.

Siyasətçinin sözlərinə görə, onun cəza çəkməli olduğu 9 il dəstədəki ən qısa müddətdir: "Orta müddət 13-15 ildir. 19 və 20 ili olanlarda var. Böyük cəzaları olan insanlarla "oturmaq” daha asandır. Daha az təlaş, kiçik münaqişələr. Baxmayaraq ki, təbii ki, onlar administrasiyadan çox, lap çox asılıdırlar. Cəza 15 ildirsə, artıq 5 il daha tez şərti azadlığa çıxmaq həyati prioritetə çevrilir".

Xatırladaq ki, martın 22-də Moskvanın Lefortovo məhkəməsinin hökmü ilə Aleksey Navalnı fırıldaqçılıq və məhkəməyə hörmətsizlik maddələri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli koloniyada çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib. Mayın 24-də Moskva şəhər məhkəməsi hökmü qüvvədə saxlayıb. Navalnı başqa koloniyaya köçürülməzdən əvvəl cəzasını Vladimir vilayətinin Pokrov şəhərindəki 2 saylı ümumi rejimli koloniyada çəkirdi. Köçürülməzdən əvvəl Navalnı bildirib ki, Melexovo sərt rejimli koloniyasında onun üçün "həbsxana daxilində həbsxana” yaradılır.

Nizami Bağırov