Ölkə 18:10 29.02.2024

Aliment ödəyə bilmədilər, həbs olundular, Avopa Məhkəməsi 3.600 avro kompensasiya kəsdi - Vəkil

"Azərbaycanda boşanmaların 90 faizinin təşəbbüskarı qadındır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, boşanma kişilərə qarşı bir təzyiq alətinə çevrilib:

"Uşaqlar bir az böyüyüb məktəbə gedir. Qadın baxır ki, nə vaxta kimi evdə oturacaq, uşaqları məktəbə verir, özü də nə istəyirsə, məşğul ola bilər. Ona daha kişi lazım deyil, boşanır, aliment, əmlak bölgüsü tələb edir. Uşaq niyə valideynlərdən biri ilə qalmalıdır? Avropa ölkəsində isə boşananda ata-ana himayəçi tələb olunur. Uşaq bir həftə ata, bir həftə ana ilə qalır. Biz nədənsə yaxşı şeyləri onlardan götürmürük. Avropa Məhkəməsi deyir ki, uşaq niyə bir valideynlə qalmalıdır, ikincisi ilə yox? İkincisi də niyə ona daima aliment ödəməlidir? Bəzi analar var ki, verilən alimenti uşağa xərcləmir, özünə xərcləyir. Ümumilikdə isə aliment məsələsinə dövlətin də qarışması vacibdir. Əgər kişi aliment verə bilmirsə, uşaq ölməlidir? Onda dövlət müəyyən bir müavinət ayırmalıdır".
 


Əkrəm Həsənov alimentin borcun bir hissəsi olduğunu vurğulayıb:

"Qanun deyir ki, əgər kimsə borcunu qəsdən, qərəzli ödəmirsə, məsiliyyətə cəlb oluna bilər. Həmin insanlar inzibati qaydada bir ay, cinayyət məsuliyyəti çərçivəsində 3 ilə qədər azadlıqdan məhrum edilə bilər və s. Amma sübut olunmalıdır ki, kişinin imkanı, var alimenti ödəmir, yoxsa pulu yoxdur? İmkan yoxdursa, vəssalam, onu vadar etmək olmaz. Məsələn, bir neçə vətəndaşın həbsi ilə bağlı mən Avropa İnsan Gaqları Məhkəməsinə şikayət etmişdim ki, imkanları olmaya-olmaya onları məhkəmə borc haqqında qərarın icra olunmamasına görə həbs ediblər. Avropa Məhkəməsi bunun qanunsuz olduğunu dedi və cərimə etdi, hər birinə 3.600 avro kompensasiya kəsilib. Bu niyə baş verir? Çünki Azərbaycan iqtisadiyyatı qeyri-şəffadır. Çox adamın gəliri var, işləyir. Amma vergi ödəmir və bunu sübüt eləmək çox çətindir". 

Əkrəm Həsənov bu məsələdə icra məmurlarını ittiham edib:

"Heç nə eləmək istəmirlər. Ya həmin vətəndaşdan rüşvət istəyirlər, ümumiyyətlə ona dəymirlər, ya da vətəndaş ona rüşvət vermirsə, məhkəməyə təqdimat verir ki, ödəmir, məsuliyyətə cəlb olunsun. Nəyə görə məsuliyyətə cəlb olunsun? Axı sən bunun pulunun olduğunu sübut etməmisən. Bəzilərinin pulu yoxdur ödəmir, bəziləri isə pulu var, amma ödəmir. Müvafiq orqanlar bunu müəyyən etməyə heç cəhd də etmir". 

Bahar Rüstəmli