Dünya 22:33 08.12.2023

Alimlər bu regionda rekord qeydə aldı

Sent-Corcdakı Bermud Okean Elmləri İnstitutunun alimləri Bermud adaları yaxınlığında Atlantik okeanının maksimal istiləşməsini rekord səviyyədə qeydə alıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Frontiers in Marine Science" (FMS) elmi jurnalı yazıb.

"Biz aşkar etdik ki, son 40 ildə subtropik Atlantik okeanında okean səthi təxminən 1°C istiləşib. Bundan əlavə, okeanların duzluluğu artıb və oksigen səviyyəsi azalıb", deyə hesabatın müəllifi, professor Nikolas Beyts bildirib.

Monitorinq məlumatları göstərir ki, 1980-ci illərdən bəri regionda suyun temperaturu hər 10 ildə təxminən 0,24°C yüksəlib. Tədqiqatçılar son 4 il ərzində istiləşmənin kəskin surətdə artdığını müəyyən ediblər. 

Eyni zamanda, həmin dövrdə okeanda oksigen konsentrasiyası 6% azalıb, turşuluq səviyyəsi isə 30% artıb. Bu, qabıqlı dəniz canlılarının sağlamlığına təsir göstərə bilər.

Tədqiqatçıların fikrincə, oxşar dəyişikliklər dünya okeanının digər hissələrində də qeydə alınır ki, bu da dəniz mühitində istiləşmə, turşulaşma və oksigen itkisi kimi proseslər arasında qlobal əlaqənin olduğunu göstərir.

Aydın