Ölkə 14:45 24.01.2024

Alimpaşa Məmmədov 730 min ödədi

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə əmlaklar üzərinə qoyulmuş həbs qərarı ləğv edilə bilər. 

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla iş üzrə mülki iddiaçı qismində tanınmış Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyan artıq tam ödənilib. 

Məlum olduğu kimi sabiq icra başçısının cinayət işinə görə əmlakları üzərinə həbs qoyulub. Həmin əmlaklara "Şəmkir Səbət" MMC və "Abad Şəmkir" MMC daxildir. 

Bu əmlaklar Sahibkarlığın İnkişafı Fondundan kredit öhdəliyi ilə aşağı qiymətə alınıb. İstintaqın gedişi zamanı ödəniş tam yekunlaşmadığı üçün məhkəmənin qərarı ilə əmlaklar üzərinə həbs qoyulub. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən əvvəlki iclasda mülki iddiaçının nümayəndəsi kredit borcunun ödənilməsi qarşılığında əmlaklar üzərindəki həbs qərarının götürülməsini istəmişdi. 

Bu gün üçün ümumilikdə 730 min manatlıq kredit borcu tam ödənilib. Növbəti məhkəmə prosesində əmlakların üzərinə qoyulmuş həbs qərarının ləğvi məsələsi müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, A. Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Vəzifə cinayətlərində ittiham olunan keçmiş icra başçısı məhkəmədə özünü təqsirli bildiyini deyib.