Nazlı Ağayeva
Ölkə 12:01 12.06.2020

Allahın ruzisi - boz keçi...

Nazlı Ağayeva

Ötən qışda haranınsa kinosuna baxırdıq. Qəfil vurulan adam əməliyyat zamanı ölür. Filmi diqqətlə izləyən dayım qızı qəhrəmanına üzülərək dedi ki: – "Həkimlə "danışan” olsaydı, bəlkə qurtarardılar. Vuranı da tutmayacaqlar o boyda sərvətin qabağında”. 

Bu, onun əcnəbi kinoya milli baxışı idi. Xüsusi təhsil ala bilməyib, amma onlarla adama çatası həyat təcrübəsi var.

*

– Ay uşaq, ordan yaxşı bir xörək bişirin, axşam qonağımız gəlir!

– Hardan bişirək?!

– Nə bilim hardan? Deməyiblər ki, allah qonağın ruzuzusunu özündən əvvəl yetirər? Baxaq görək nə yetirir, barı qonaqla bahəm bizim də ağzımız dada gəlsin...

Bu arada qonşu əl arabasında külfətin tək ümidi boz keçini gətirib gəlir ki: "Ayağı təkərə düşdü, haram olmasın deyə başını kəsib gətirdim”. Evin kişisi bığlarını sığallayıb lovğalanır:

– Mənim proqnozum həmişə düz çıxır. Gördünüzmü, allah yetirdi...

Sevimli keçini bu halda görüb kövrələn və dərhal sabah iki uşağa nə verəcəyi ilə üz-üzə qalan qadın ərini tərs-tərs süzüb dillənir:

– Beləmi göndərəcəkdi allah qonağın ruzusunu, uşağın ağzından kəsib? Ara yerdə yazıq keçinin canı getdi, uşaqların da ruzusu...

Və bir-birinə dəyən ev adamı, qab-qacaq səsi, yır-yığış, sil-süpür, dərin saxlanclardan çıxarılıb süfrəyə düzülən şirniyyatlar, turşular... Gecəyarısına qədər davam edən gətir-götür, açıl-tökül, işığa yığılanlar, səsə gələnlər, boğazdan yuxarı sağlıqlar, öpüşmələr, sarılmalar və bir loxma yemək növbəsi gözləyə-gözləyə küncdə-bucaqda yuxuya gedən uşaqlar. Qonaqlıq əməliyyatından sonra ən azı bir-iki ay stabil ağır vəziyyətdə çabalayan ailə büdcəsi...
Dünyanın daha harasında belə optimist camaat var? Hələ rəsmi səviyyədə keçirilən könüllü yarış qonaqlıqlarını-zadı demirik. Qonaqpərvərlik iliyimizə kimi işləyib, kimi varından verir, kimi yoxundan. Bu şərtlə ki, çox zaman varından verən də yoxsulun yoxundan verir.

Pandemiya da o cümlədən. Sanki bütün ölkə illərdir onu gözləyirdi ki, sayəsində atılan hər zəruru addıma dərhal elliklə münasibət bildirsin. Şəhər qalmadı, rayon qalmadı, kənd qalmadı bu kampaniyada iştirak etməmiş. Böyük-kiçik bilməyib uyğun hər kəsi bu məsələyə qatdılar. Bir deyən olmadı ki, neçə illərin oturuşmuş hakimiyyətidir, təbii ki, ölkənin başına gələn hər cür bəlaya qarşı tədbir görəcək. Vətəndaşın bu bəladan ən az zərərlə, hətta heç bir itkisiz çıxmasına çalışacaq. Xalqının düşməni deyil ki, başqa cür yanaşsın. Bütün dünya ölkələrinin əhalisi bu bəlanın fəsadlarından necə qurtulmaq üçün baş sındıranda biz müraciətlər üçün ən gözəl cümlələr axtarışında idik. Az qalmışdı deyək, koronavirus nə yaxşı təşrif gətirdi və bizə bu imkanı verdi. Yoxsa gözəlim cümlələr ürəyimizdə qalacaqdı. Əlbəttə, qədir bilmək çox vacib insani keyfiyyətdir. Amma ən ali hisslər belə əndazəni aşanda yorucu, sıxıcı olur. Yəni, ola bilər.

...Dünyanın bəlasına çevrilmiş virusun ilk aylarda ölkəmizdəki "uğursuzluğu” sözsüz ki, hər kəsi sevindirmişdi. Təbii ki, dövlət səviyyəli qərarlar da məhz buna xidmət edirdi. Nə yazıqlar ki, qarşısında bəzi güclü dövlətlərin belə aciz qaldığı yoluxmalar bu gün bütün çabalara baxmayaraq, artan göstəricilərlə həyatımıza daxil olmaqdadır. Gerçəklik hələ ki budur və hamının arzusu bu ağrı-acının tez bir zamanda bitməsidir. Heç şübhəsiz ki, dövlətin də ümdə məqsədi qlobal faciədən mümkün bütün vasitələrlə ən tez zamanda yaxa qurtarmaqdır. Çünki yuxarıda qeyd etdiyimizin davamı kimi dövlət toplumun bütün haqlarının, o cümlədən təhlükəsizliyinin qarantıdır.  

*

Belə taleyüklü həssas, kövrək məqamda birdən könül istər ki, dövlətin rəhbərinə içdən gələn bir məktub yazsın. Ehtiyacı oldu-olmadı, ona inandığını, dəstək olduğunu bildirsin. Pafossuz-zadsız: "Siz bacaracaqsınız”, - desin. Çətin vaxtlarda belə şeylər nikbinlik, inam yaradır.  

Beyninə gələn fikirdən sevinib məktuba başlamaq istəyəndə əlin-qolun soyuyur. Son aylarda teleməkanlardan, qəzet və saytlardan təqdim edilən qələbə əhval-ruhiyyəli məktub kütləsini xatırlayıb fikrindən daşınırsan. Üstəlik bir xanım deputatın koronavirusu beşiyindəcə boğmağımızın açıqlaması yadına düşür. Digər rəsmi şəxslərin oxşar tipli müsahibələri, çıxışları da bir yandan. Adam bu barədə daha nəinki yazmağa, heç düşünməyə utanır.

Məmur sinfi bu ölkədə sərbəst məktub janrını çoxdan öldürüb. Artıq hər şey diktə ilə necəgəldi təşkil olunur. Məsələn, tələsik konorovirus canfəşanlığı kimi. O isə ki, naşı əlində səlahiyyət uşaq əlində balta kimidir. Ölkənin hər yerindən dünən gülə-gülə "məktub hesabatı” verənlər bu gün tutqun səslə yoluxma rəqəmini məruzə edirlər. O rəqəmlərin tezliklə geriyə sayım arzusuyla.

P.S. İnanırıq bu "qonaq” kabus da öz hikkəsinin içində dağılıb gedəcək. İnşallah, hər şeyin təbii axarına düşdüyü günlərdə məlum ünvana gerçək məktublar yazılacaq...