Dünya 20:19 04.06.2023

Almaniya Sakit okeana iki hərbi gəmi göndərəcək

Almaniyanın müdafiə naziri Boris Pistorius Hərbi Dəniz Qüvvələrinin 2024-cü ildə Hind-Sakit okeana iki döyüş gəmisi, bir esmines və bir təchizat gəmisi göndərəcəyini bildirib. 

Qaynarinfo xəbər verir ki, nazir bu barədə Sinqapurda keçirilən Şanqri-La Dialoq təhlükəsizlik forumunda bildirib. 

Onun sözlərinə görə, alman gəmiləri BMT-nin Şimali Koreyaya qarşı sanksiyalarına əməl olunmasının monitorinqində iştirak edəcək, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə Sakit okeanda iki ildən bir keçirilən RIMPAC hərbi dəniz təlimlərinə qatılacaq.

Pistorius qeyd edib ki, ölkələr qaydalara əsaslanan dünya nizamını və əsas dəniz yollarını qorumalıdır. O, həmçinin vurğulayıb ki, bu hərəkətlər konkret hansısa ölkəyə qarşı yönəlməyib. 

Ekspertlərin fikrincə, bu qeyd Çinə ünvanlanıb. Üstəlik, bəyanat Çin və Tayvan arasında münaqişənin kəskinləşməsi, eləcə də Çinin Cənubi Çin dənizində mövqelərini möhkəmləndirməsinin davam etməsi kontekstində verilib. Almaniya 20 ildə ilk dəfə 2021-ci ildə bölgəyə hərbi gəmi göndərib.

Aydın