Dünya 17:04 27.03.2023

Almaniyada tətil səbəbindən bütün nəqliyyat iflic oldu

Almaniyada bu gün, 27 martda son onilliklərin ən böyük tətili keçirilir. 

Qaynarinfo xəbər verir ki, alman mediası, o cümlədən "Tagesschau"ZDF-nin məlumatına görə, nəticədə bütün ölkə üzrə nəqliyyat əlaqələri faktiki olaraq iflic olub.

Burada ölkənin iki əsas həmkarlar ittifaqı - Verdi və EVG-nin üzvü olan təxminən 2,7 milyon nəqliyyat işçisi iştirak edir. Tətil yerli vaxtla gecə yarısı başlayıb və çərşənbə axşamına kimi davam edəcək.

Bugünkü tətildə bütün nəqliyyat növlərinin nümayəndələri - hava limanlarının, dəmir yollarının, dəniz limanlarının, metro və avtobus xətlərinin işçiləri iştirak edirlər. Ölkənin bütün əsas hava limanlarında uçuşlar çərşənbə axşamına qədər təxirə salınıb və ya ləğv edilib. Yeganə istisna Berlin-Brandenburqdur, burada yalnız xarici uçuşları həyata keçirir. Bir sıra böyük dəniz limanlarında yük və sərnişin daşımaları dayandırılıb. 

Milli dəmir yolu operatoru Deutsche Bahn bugünkü uzun məsafəli qatar xidmətlərini, həmçinin 16 federal əyalətdən 7-nə regional xidmətləri ləğv edib.

Fevralda ölkədə 8,7%-ə çatan yüksək inflyasiya fonunda həmkarlar ittifaqları aylardır işçilərin maaşlarının artırılmasını tələb edir. Verdi aylıq əmək haqqının 10,5% artırılmasını, EVG isə üzvləri üçün 12% artım tələb edir. Əksəriyyəti dövlətə məxsus olan nəqliyyat şirkətləri bu tələblərə əməl etməkdən imtina edirlər. İndiyədək onlar əmək haqqının 5% artımı və iki birdəfəlik ödəmə təklif etməyə hazırdırlar: bu il 1000 avro, gələn il isə 1500 avro.

Nizami Bağırov