Dünya 16:11 01.12.2022

Altıncı rus milyarder Rusiya vətəndaşlığından imtina etdi

Milyarder Vasili Anisimov Rusiya vətəndaşlığından imtina edərək İsveçrəyə köçüb.

Qaynarinfo xəbər verir ki, Forbes biznesmenin Britaniya Qeydiyyat Palatasına təqdim etdiyi sənədlərə istinadən yazır.

Sərvəti 1,6 milyard dollar dəyərində qiymətləndirilən "Coalco” developer şirkətinin sahibi Xorvatiya vətəndaşlığını alıb. O, bu barədə Britaniya hakimiyyətinə sentyabrın 28-də məlumat verib, belə ki, ona və qazaxıstanlı iş adamı Yakov Klebanovun oğluna məxsus "Degelov UK” həmin ölkədə fəaliyyət göstərir.

"Degelov” uran və molibden hasil edən Stepnoqorsk dağ-kimya zavodunun 40%-nə sahibdir. Şirkət Qazaxıstanın Akmola və Almatı vilayətlərində molibden, mis və uran mədənlərini işlədir. O, ölkənin ən böyük uran yataqlarından birinə - Budenovskoyaya sahibidir.

2017-ci ildə "Degelov”u Britaniyada qeydiyyatdan keçirərkən Anisimov özünü Rusiya Federasiyasında yaşayan Rusiya vətəndaşı kimi təqdim edib. Oktyabrın 12-də Rusiya prezidentinin fərmanı ilə Anisimov IV dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O, oktyabrın 1-dək Rusiya Cüdo Federasiyasının prezidenti vəzifəsində çalışıb, onun birinci vitse-prezidenti milyarder və Putinin yaxın dostu Arkadi Rotenberqdir.

Bundan əvvəl beş rusiyalı milyarder Rusiya vətəndaşlığından imtina etdiklərini bəyan ediblər. Ukraynada müharibə başlayandan sonra "Freedom Finance” investisiya şirkətinin təsisçisi Timur Turlov, DST Global fondlar qrupunun təsisçisi və Mail.Ru Group-un keçmiş həmtəsisçisi Yuri Milner, Revolut-un təsisçisi Nikolay Storonski, "Troyka Dialoq”un təsisçisi Ruben Vardanyan və "Tinkoff Bank”ın təsisçisi Oleq Tinkov Rusiya vətəndaşlığından çıxdıqlarını bəyan ediblər.

Nizami Bağırov