İdman 14:30 01.12.2022

"Şamaxı"nın qış fasiləsi üçün planları bəlli oldu

"Şamaxı"nın qış hazırlıq planı açıqlanıb.
 
Qaynarinfo-nun xəbər verir ki, fasilə dönəmini Türkiyədə keçirməyi planlaşdırıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda heyətdə yeni futbolçuların qatılmasının nəzərdə tutulduğu, ölkə futboluna yeni adlar qazandırmaq istədiyi bildirilib.  
 
Klubun məlumatı belədir: 

"Şamaxı” Futbol Klubu Premyer Liqanın cari mövsümünün ikinci dövrəsində uğurlu çıxışını davam etdirir. Klub rəhbərliyi və məşqçilər heyətinin birlikdə qarşıya qoyduqları məqsəd gənc və təcrübəli yerli futbolçulara şans vermək, Azərbaycan futboluna yeni adlar qazandırmaqdır. Strategiyasını davam etdirən klubumuz gənc hücumçu Emil Qasımovu əsas komandamızın sıralarına cəlb edib, heyətdə olan bir neçə oyunçu ilə yeni müqavilələr bağlayıb. 
 
Son dövrlər öz oyunu ilə seçilən "Şamaxı" təsadüfi deyil ki, Premyer Liqanın 2-ci dövrədəki 6 oyununda 2 qələbə qazanıb, 3 oyunda heç-heçə edib və yalnız ölkə çempionu "Qarabağ” futbol klubuna məğlub olub. Geridə qalan müddət ərzində komandamızın heyətində bir neçə futbolçu artıq öz adından söz etdirməyi bacarıb. Qış fasiləsində heyətimizə gənc və təcrübəli yerli futbolçuların cəlb edilməsi istiqamətində də axtarışlarımız davam edir. 
 
"Şamaxı" qış təlim-məşq toplanışına yanvarın 3-ü start verəcək. Hazırlığın ikinci mərhələsi üçün komandamız yanvarın 8-də Antalyaya yollanacaq və "Kamilya Selin” otelində məskunlaşıb yanvarın 19-na kimi məşqlərini orada davam etdirəcək.
 
Qış təlim-məşq toplanışında 4 yoxlama oyununun keçirilməsi planlaşdırılıb. İlk oyunun yanvarın 11-də Qazaxıstan yüksək liqa təmsilçisi "Kaysar"la keçirilməsi razılaşdırılıb. Digər 3 oyunun keçirilmə tarixi və rəqiblərin dəqiqləşdirilməsi ilə əlaqədar danışıqlar davam etdirilir".
 
Səbuhi Həsənov