İdman 09:30 09.08.2022

“Şamaxı”nın təcrübəli fubolçusu: “O, gəlib Azərbaycanda şedevr edəsi deyil"

Yay fasiləsində "Sumqayıt”dan "Şamaxı”ya keçən təcrübəli futbolçu Elvin Məmmədov Premyer Liqanın ilk turunda qarşılaşdıqları "Neftçi” ilə oyunu şərh edib.

O, Qaynarinfo-ya müsahibəsində, hazırkı komandasının durumundan, qarşıya qoyulan məqsədlərdən də danışıb.

- "Sumqayıt”ı "Şamaxı”ya dəyişməyinlə bağlı fikirlərini bildirərdin. Sən gələndə komanda tam yığılmamışdı və iddialar bilinmirdi...

- Komanda mətbuata çıxmırsa, o demək deyil ki, iş getmirdi. Məni dəvət edəndə dedilər ki, yerlilərdən ibarət gənc komanda qurmaq istəyirlər. Normal komanda formalaşdırmaq, gənc futbolçulara güvənmək fikirləri var. Məni də təcrübəli futbolçu kimi heyətdə görmək istədiklərini bildirirdilər. Həm Cavid Hüseynovun, həm Vüqar Əsgərlinin burada olmasına görə qərarımı dəqiqləşdirdim.

- "Sumqayıt”da qalmağı təklif etmişdilər? Yoxsa hiss etdin ki, onların planlarına daxil deyilsən.

- Riyad Rəfiyevlə ("Sumqayıt”ın prezidenti-red.) danışıqlarımız olmuşdu. Başqa söhbətlərimiz oldu. Cavid müəllimin "Şamaxı”ya gəlməsi qərarıma təsir etdi. "Turan Tovuz” variantı, başqa klublardan təkliflər də var idi.

- Doğulduğun Tovuz rayonunun təmsilçisi "Turan Tovuz”u seçməməyinin səbəbi nə idi?

- Danışıqlarımız olmuşdu. Sadəcə, həmin vaxt klubun büdcəsi bilinmirdi, dəqiq söhbətlər yox idi. Sadəcə, Cavid müəllimin burada olmasına görə "Şamaxı”ya üstünlük verdim. 

- Premyer Liqanın ilk turu və "Neftçi” ilə oyun haqda düşüncələrin nədir?

- "Neftçi”nin iki oyununa baxmışdıq. İlk tur hər komanda üçün çətin olur. Ümumiyyətlə bundan sonra da bizim üçün hər oyunun çətin olacağının fərqindəyik. Gənc komandadır, Premyer Liqada oynamış futbolçuların sayı çox azdır. Bu amillər təsir edəcək. Rəhbərlik, məşqçilər onlara güvənir. Özlərini doğrultsalar, gələcəkdə Azərbaycan futboluna yeni nəfəs gətirə bilərlər. Hər şey özlərindən asılıdır. Bu gün 6-7 nəfər var ki, olimpiya yığmamızın üzvləridir. Üstəlik 2-3 nəfər U-19-da forma geyinir. Öz üzərlərində işləsələr, Azərbaycan futbolu üçün nələrsə edə bilərlər. 

- "Neftçi” ilə oyunda nə çatmadı?

- Həm təcrübə, həm də həyəcan öz sözünü deyir. Bunlar böyük amillərdir. Deyirlər ki, "Neftçi”nin, "Qarabağ”ın ikinci heyətinə qarşı oynayırsız. Bunlar yanlış fikirlərdi. Böyük komandadırsa, orada oynayanlar da yaxşı futbolçulardır. Danışılanlar başqa məsələdir. Analiz etsəniz, görərsiniz ki, ən gənc komanda elə "Şamaxı”dır. Çünki çempionatda üst-üstə 6-7 oyun keçirmiş futbolçu yoxdur. Davamlı oynasalar, gələcəkdə bəhrələrini verəcəklər. Əlbəttə, "Neftçi”nin hazırlığı, avrokuboklarda oynamasının da bunda rolu oldu. İllərin komandasıdır, istər-istəməz səviyyə fərqlidir. "Şamaxı” yeni yığılıb, 1 ay 8 günün komandasıdır. Yaxşı mübarizə apardıq. Çatışmayan bir balaca təcrübə və soyuqqanlılıqdır. Bir xal götürsək, bizim üçün yaxşı nəticə olardı. 

- Komanda bir qədər yorğun görünürdü. Qoldan sonra da ruhdan düşmüş kimi hiss olunurdu. Bu komandanın gənc olması ilə əlaqdərdır?

- Məncə, səbəb budur. Futbolun o üzün də deyim. Gənclikdə mən də bu mərhələlərdən keçmişəm. Bizim mentalitetimizdə həvəsdən düşmək var, bu, normaldır. Mən də yaşamışam. Azərbaycanda çox az futbolçu var ki, bunu hiss etdirmir. Qol buraxılandan sonra daha yaxşı nəticə üçün əlimizdən gələni etməliyik. Bunun üçün zaman lazımdır. Təcrübəli futbolçuların da üzərinə bu mənada məsuliyyət düşür. Əlimizdən gələni edirik. Lakin bir ayın içində olan deyil. 

- Mövsüm başlayanda baş məşqçi komandanın qarşısına hansı şərtləri qoyub, daha doğrusu tələbləri necədir?

- Baş məşqçi hər iclasda, məşqdə döyüşkən, meydanda canını qoyan komanda istədiyini deyir. Onu etsək, nəticə gec-tez özü gələcək. Loru dildə desək, kişiləşmək, yumruq şəklində olub komanda ruhunu meydançada göstərmək lazımdır. Məşqçi ən çox bunu tələb edir. 

- Yəni qarşıda avrokuboklarda oynamaq, ilk 4 pillədən birini tutmaq hədəfi yoxdur...

- Bu gün real deyil. Fubolda hər şey mümkündür. Amma gənclərə indidən o "yük”ü vermək düzgün deyil. Onlara aşıqlamaq lazımdır ki, meydançada maksimum hərəkətdə olsunlar. Bu gün avrokuboklardan danışmaq absurddur. 

- Əslində komandanın yerlilərdən ibarət olması yaxşı haldır. Amma indiki dönəmdə, legionersiz heyətlə hara qədər getmək mümkündür?

- Gəncləşdirmə rəhbərliyin, baş məşqçinin ortaq qərarırdır. Gənclərə, azərbaycanlı futbolçulara inandıqlarını deyirlər. Bu onlar üçün motivasiyadır. Rəhbərlik etimad göstərirsə, əlavə üstünlük olmalıdır. Bunu zaman göstərəcək. İndidən desək ki, 5 oyundan sonra daha yaxşı olacağıq… Düzdür, əlimizdən gələni edəcəyik. bu başqa məsələ. İndidən 4-5 ay sonranın söhbətin etmək tezdir. Hazırda məqsəd döyüşkən kollektiv yaratmaqdır. 

- Amma indiki vəziyyətdə legionerdən daha çox istifadə edən komandalara qarşı oyunlarda böyükhesablı məğlubiyyətlər futbolçuları ruhdan sala bilər.

- Sizinlə razıyam, daha yaxşı bilirsiniz. Ancaq legioner gətirirsənsə, yerlidən ən azı üç dəfə güclü olmalıdır. Yerli ona baxıb, özünə kumir seçə, nəsə götürə bilər. Yerlilərdən 2-3 min artıq pul verib gətirəcəksənsə, o, gəlib Azərbaycanda şedevr edəsi deyil. Rəhbərliyin də qərarı belədir ki, yaxşı legioner gətirmiriksə, gənclərin qarşısını niyə kəsməliyik? Ən vacibi odur ki, gənclər bunun fərqinə varmalıdır. "Şamaxı” bu gün gənc futbolçular üçün tramplindir. Onlar oyunları ilə imkan verməməlidirlər ki, rəhbərlik legioner gətirsin. O zaman inkişaf, rəqabət olacaq.

- Heyətdə kifayət qədər potensiallı futbolçular olduğunu dedin. Bir qədər də konkretləşdirsək, kimi fərqləndirərdin?

- Şəxsi fikrimdir, U-19-a iki, U-21-ə yeddi namizəd, olimpiya yığmasına gedənlər varsa, deməli, inkişaf edən futbolçulardır. Azərbaycan çempionatında minlərlə futbolçular var. Onlar seçilirlərsə, daha çox çalışmalıdırlar. Bu gün olimpiya yığmasının üzvləri oynadıqları klubları çiyinlərində daşıyırlar. Bunu aşılamaq lazımdır. Yanlış olan 21 yaşlı futbolçulara "gənc” deməyimizdir. Çünki bu yaşda olan futbolçu artıq əsas heyət üzvü sayılır. 21 yaş böyümə, kişiləşmə dövrüdür. Özünü lider kimi apara biləcək futbolçusan. Mental olaraq dəyişsək, inkişaf edərik. Mən də vaxtilə səhvlər etmişəm. Dünya futbolunda 21 yaşlı futbolçular şou göstərirlər. 

- "Neftçi” ilə oyuna 2000-dən çox azarkeş gəlmişdi. Onların dəstəyini nə dərəcədə bəyəndin? Ümumiyyətlə bölgədə futbola maraq necədir?

- Çox yaxşıdır, mən Şamaxıda belə olacağını gözləmirdim. Yoldaşlıq görüşlərində də hiss etmişdim. Tovuzda, Gəncədə, Bakıda da görmüşdüm. Bir anlıq özümü Tovuzda hiss etdim. Tovuz futboluna axın var. Şamaxı da geri qalmır. Bu, bizə motivasiya verir. Daha məsuliyyətli olmağa çalışırıq ki, izləyənimiz var. Məşqləri izləyirlər, komanda ilə maraqlanırlar.

- Cavid Hüseynov futbolçu karyerasını yeni bitirib. Onun məşqlərində hər hansı fərqlilik var?

- Vüqar və Cavid müəllim tandem olublar. Çox yaxşı məşqlər verirlər. Gənc nəsildir, onlara güvənmək lazımdır. Vüqar müəllim AFFA-da kateqoriyalara baxır. Qadın futbolçularla uzun illər işləyib. Ən azı təcrübəsi var. Düzdür, deyə bilərlər ki, Premyer Liqada təcrübəsi yoxdur. Amma insan işləyə-işləyə təcrübə toplayır.

Səbuhi Həsənov