Sənət 12:27 17.01.2023

Anar-Əkrəm savaşı: Bu, nə vaxt bitəcək və kim kimin tabutu qarşısında baş əyəcək?

"Anarla Əkrəm heç vaxt barışmayacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında şair Qəşəm Nəcəfzadə Xalq yazıçısı Anarla Əkrəm Əylisli qalmaqalından danışarkən deyib. O, böyük adamların barışmadığını bildirib:

"Əkrəm və Anar bütöv bir adamdır, yəni hissəciklərdən ibarət deyil. Əkrəm Anarın qədirini bilir, Anar da Əkrəmin. Əkrəm bilir ki, Anar nə qədərdir. Anar da bilir ki, Əkrəm nə qədərdir. Onlar ikisi də böyük yazıçıdır, Azərbaycan ədəbiyyatında da böyük xidmətləri var. Bu mənada mən də onların barışmasını istəyərdim. Amma bu, çox çətindir. Arada böyük yaradıcılıq, dostluq uçurumları, giley-güzar var”. 

Qəşəm Nəcəfzadə bu faktdan istinadən çıxış edərək deyir ki, istedadlı adamlar çox vaxt bir-biri ilə yola getmir və bunun tarixdə də çox nümunəsi var:



"Həmişə istedadın içində bir xəbislik, başqasının uğuruna sevinməməklik var. Amma mən bunları onların ünvanına deməzdim, bir-birinə bir hiss, mənfi münasibət var. İstedadın içində bir qısqanclıq da var. Bəzən belə adamlar böyük ideyalar deyil, xırda şey üstündə inciyirlər. Necə ki, Nekrasovla Dostoyevski küsmüşdü. Nekrasovla Dostoyevski də küsülü yaşayıb, elə də ölüblər”.

Qəşəm Nəcafzadə küsülü insanların öləndən sonra birinin digərinin qəbrinin üstündə baş əyməsinə də münasibət bildirib:

"Allah onlara ömür versin, amma görünən odur ki, ölüm haqqında düşünmürlər. İnsanlar küsülü ölməsin deyə barışmırlar. Heç bu onların ağlına da gəlmir. Bəlkə də ən normal hadisə biri-birinin qəbrinin üstündə öləndən sonra baş əyməsidir. Zallarda boş-boş çıxış edib, yalandan bir-birini tərifləməkdənsə, məzarı başında, tabutu qarşısında başını 20 santim aşağı əymək hər şeyə dəyər”.

Qeyd edək ki, Xalq yazıçısı Anar Əkrəm Əylisli uzun illərdir küsülüdür. Onların söz duelləri zaman-zaman davam edir.

Bahar Rüstəmli