Siyasət 18:30 25.11.2022

Anar Əsədlinin müavinləri YTB-də görüş keçiriblər (FOTOLAR)

Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyətinin Türkiyəyə səfəri çərçivəsində növbəti görüş Nazirlər Kabinetinin Xaricdəki Türklər və Əqrəba Toplumlar İdarəsində (YTB) olub. 

Başqanlıq Heyətinin üzvləri Aynur Qəzənfərqızı və Vasif İsmayıl YTB Başqanı Abdullah Ərənin müavini Sayit Yusuf ilə görüşüblər. 

Görüş zamanı AY Partiya başqanının müavini Aynur Qəzənfərqızı YTB-nin Azərbaycandan olan şəhid və qazi övladlarının ödənişsiz təhsil almalarını təmin etmək təşəbbüsünə görə təşəkkürünü bildirib. 

AY Partiya başqanının müavini Vasif İsmayıl isə Sayit Yusufdan  bu gözəl təşəbbüsü sadəcə şəhid və qazi övladlarına deyil, onların qardaş-bacılarına da şamil etməyi rica edib. 

Görüş çox səmərəli keçib.

Başqanlıq Heyəti üzvləri Ankarada Ana Vətən Partiyasında da olublar. 

Aqil Dadaşzadə, Rəşad Bakuvi, Vasif İsmayıl, Aynur Qəzənfərqızı və Gülşən Hacıyeva partiyanın Başqanı İbrahim Çələbi ilə görüşüblər. 

Görüşdə iki ölkənin münasibətləri, Türk Dünyası birliyi ilə bağlı müzakirələr aparılıb, AY Partiya və Ana Vətən Partiyasının əməkdaşlıq perspektivləri haqqında danışılıb. 

AY Partiya Başqanı Anar Əsədlinin hədiyyəsi İbrahim Çələbiyə təqdim edilib.
 

 
Bu gün həmçinin partiya rəsmiləri Ankarada "Ticari həyat" qəzetinin redaksiyasını ziyarət ediblər. Onlar qəzetin təsisçisi Mehmet Göktürklə bir araya gələrək, müxtəlif mövzularda fikir mübadiləsi aparıblar.

AY Partiya və "Ticari həyat" qəzetinin yaxın əməkdaşlığı, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi, Türk Dünyası birliyi ilə əlaqədar layihələrin həyata keçirilməsi əsas müzakirə mövzusu olub.

Vasif İsmayıl və Aynur Qəzənfərqızı qəzetə geniş müsahibə veriblər.