Ölkə 17:29 26.10.2022

Anar yenidən AYB-nin sədri seçildi (YENİLƏNİB)

Xalq Yazıçısı Anar Rzayev yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı AYB-nin XIII qurultayında seçki keçirilib.

15.28
 
Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında 4 komissiya təyin olunub, sədr və üzvləri seçilib.

Qaynarinfo xəbər verir ki, qurultay katibliyinin sədri Adil Cəmil, üzvləri isə Arifə Əliyeva, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Taleh Mənsur olub.

Mandat komissiyasının sədri Əkbər Qoşalı, üzvlər isə Gülnarə Əmaləddin, Nazim Əhmədli, Akif Əhmədgil, Şahin Musaoğlu, mətbuat xidmətinin rəhbəri Elçin Şıxlı, üzvlər isə Xəyal Rza, Alina Talıbova, Şahanə Müşfiq, Ulucay Akif, seçki komissiyasının sədri Səyyad Aran, üzvlər isə Elxan Elatlı, Saday Budaqlı, Orxan Fikrətoğlu və Cavid Zeynallı seçilib.

11.48
 
Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı davam edir.

Report xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət naziri Anar Kərimov, dövlət və hökumət qurumları nümayəndələri, Milli Məclisin deputatları iştirak edirlər.

Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı ilə əlaqədar iştirakçılara müraciət ünvanlayıb. Müraciəti Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
 
11:10
 
Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçirilir.

APA xəbər verir ki, əvvəlcə qurultay iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.

Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edir.

Qeyd edək ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.