İdman 17:57 04.08.2022

"Araz-Naxçıvan" bir braziliyalı ilə müqavilə bağladı, digərini göndərdi

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Araz-Naxçıvan” heyətini gücləndirməkdə davam edir.
 
Futzal Federasiyasının mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə Joze Alesio Da Silvanın başçılıq etdiyi komanda bu dəfə De Melo Ponce Viktor ilə anlaşıb. Son klubu vətənində "Leqes" klubu olan 21 yaşlı braziliyalının ampluası müdafiəçidir. Əvəzində De Moura Joze Eduardo ilə anlaşma qarşılıqlı razılıq əsasında ləğv edilib. Buna səbəb braziliyalı müdafiəçinin ailəsi ilə bağlı problemlərinin olmasıdır.

"Araz-Naxçıvan” buna qədər Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oktay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Martin Guimaraes Junior Sinesio, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.
 
Səbuhi Həsənov