İdman 12:12 08.07.2022

"Araz-Naxçıvan"ın legioneri: "Biz bunu bacaracağıq”

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan”ın yer aldığı 5 qrupda "Mostar” və ilkin seçmə mərhələnin D və F qrupunun qalibləri ilə qarşılaşacağı məlum olub.
 
Qaynarinfo xəbər verir ki, püşkatma ilə bağlı son çempionun üzvü David Qustavo Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib:

"Açığı, indi istirahətdə olduğumuza görə, kimlərlə müqavilə imzalandığını, heyətə kimlərin cəlb edildiyini dəqiq bilmirəm. Amma rəhbrəliyin komandanı gücləndirmək istədiyini və hədəflərin böyüdüyünü eşitmişəm. Aydın məsələdir ki, Çempionlar Liqasında zəif rəqib olmur. Çünki orada ölkəsinin çempionu yarışır. İşimiz asan olmayacaq, əksinə çətin olacağını qeyd etməliyəm. Gərgin mübarizə gözləyir və biz də qarşıya qoyulan tapşırığa çatmaq üçün sona qədər "döyüşəcəyik”. Rəqiblərimizin bizim yeni oyunçulardan xəbərsiz olduqlarına inanıram. Məncə, yeni mövsümdə fərqli, daha güclü "Araz-Naxçıvan” görəcəksiniz. Bütün işlər, dəyişikliklər məqsədə nail olmaq üçün edilir. 

Rəqiblərimizə gəldikdə, "Mostar” doğma meydan amilindən də istifadə edəcək. Biz bunu ötən ilk "Uraqan”ın timsalında gördük. Bu baxımdan onlarla oyun çox çətin olacaq. Digər iki rəqibimizin kimliyi hələ avqustun sonunda müəyyənləşəcək. Serbiya və Gürcüstan çempionu öz qruplarında favorit olsalar da, sürprizlərdən də qaçmaq mümkün deyil. Bu cür turnirlər zamanı əsas özünün hazır olmağındır. Qarşıda vaxtımız çoxdur. Güclü futzalçılar cəlb etməklə bərabər, yaxşı hazırlıq keçəcəyik. Çünki bunun üçün əla şəraitimiz var. Komandama inanıram. Biz bunu bacaracağıq”.
 
Səbuhi Həsənov