İdman 14:17 31.01.2023

“Araz Naxçıvan” rəsmisi: “Rəhbərlik qarşımıza belə məqsəd qoyub ki...”

Cari mövsümdən Birinci Diviziona qoşulan və hazırda liderliyini davam etdirən "Araz-Naxçıvan”ın bu uğurda təkcə komanda və məşqçilər korpusu deyil, klub rəhbərliyinin də əməyi var. Təbii ki, komandanın daha yaxşı və rəqabətədavamlı olması üçün rəhbərlik tərəfindən hər cür şərait yaradılır. Ancaq hər şey heç də bunlarla məhdudlaşmır. Klub 10 illik inkişaf proqramı da hazırlayıb…

Həm proqram, həm də yeniliklər və gələcək planlarla bağlı klubun icraçı direktor müavini Sakit Rzayev Qaynarinfo-ya fikirlərini bölüşüb. Mütəxəssis müsahibəsində maraqlı məsələlərə toxunub:

- Əvvəlcə, komanda ilə bağlı fikirlərinizi öyrənək. Baş məşqçi Azər Bağırovun işi sizi qane edirmi?
 


- Təbii ki, Azər müəllimi komandaya dəvət etməmişən öncə araşdırmışdıq. Onun necə bir məşqçi olduğunu bilib, götürmüşük. Bu gün, həm yaxşı, mübariz bir komanda formlaşadırıb. Düşünürəm ki, futbolçuların hamısı onun xətrini çox istəyirlər. Həmçinin köməkçiləri də. Bütün bunların nəticəsi olaraq komanda birinci yerdə gedirsə, qış fasiləsinə lider olaraq yollanmışıqsa, deməli, Azər müəllimin işi bizi qane edir. O, təkcə komandanın formalaşmasında deyil, həmçinin digər işlərdə də kömək edir. Həm akademiya ilə bağlı təkliflərini verir, həm təcrübəsi var. Milli komanadda işləyib. Bu gün onunla bir yola çıxmışıqsa, yumruq kimi birləşib uğur qazana bilərik. Uğur qazanmaq üçün planlar qurulur. Planımız daxilində işlərimizi davam etdiririk. Hədəf olmayan yerdə heç bir uğurdan söhbət gedir.

- Premyer Liqaya doğru gedirsiniz. Klubla bağlı hansı yeniliklər gözlənilir, planda nələr var?

- Təbi ki, komandanın öz işi var. İlk dövrədə 5-6 tur yaxşı keçdi. Sonra geriləmə oldu. Geriləmə də deməzdim, sadəcə, rəqiblər Azər Bağırovun fəlsəfəsini və startegiyasını bilməyə başladılar. Artıq komanda bir aydan çoxdur yığışıb. Hazırlıqların birinci mərhələsi Naxçıvanda keçdi. Bakıda toplanışın ikinci mərhələsinin sonlarına yaxınlaşırıq. Əhval-ruhiyyə yüksək səviyyədədir, hər cür şəraitlə təmin olunublar. "Araz Naxçıvan”ı gələcəkdə daha peşəkar klub kimi formalaşdırmaq üçün çalışırıq. 10 illik inkişaf startegiyamız var. Rəhbərlik qarşımıza məqsəd qoyub ki, 2023/2024 mövsümünü Premyer Liqada keçirək. Bu səbəbdən AFFA və PFL-lə görüşlər keçirmişik. AFFA-nın Lisenziyalaşdırma Departamentinin əməkdaşları Naxçıvanda olduar. Artıq lisenziyalaşdırma ilə bağlı 6 meyar üzrə əməkdaşlar ayırmışıq. Fevralın 10-na qədər hüquqi tərəfdən sənədlərimizi hazırlayıb AFFA-ya təqdim edəcəyik. Digər meyarlar  üzrə işlərimiz davam edir. Futbolda sosial məsuliyyət meyarı var, bu yenidir. Klubların qarşısına məqsəd qoyulub ki, sosial məsuliyyətlə bağlı tədbirlər keçirilməlidir. Biz artıq Naxçıvanda və Bakıda belə tədbirlər keçirməyə başlamışıq. Ev oyunlarını keçirəcəyimiz stadionun hansı şərtlərə cavab verməli olduğu ilə bağlı layihəmizi rəhbərliyə təqdim etmişik. AFFA-nın lisenziyalaşdırma üzrə nümayəndələri stadionu analiz etdilər və tövsiyələrini verdilər. Uzun müddət Naxçıvanda futbol olmadığı üçün təbii ki, bəzi çatışmazlıqlar var. Onlar müəyyənləşdirilib bizə təqdim olundu. Futbolun İnkişaf Fondu (FİF) ilə görüşdük, "Araz Naxçıvan”ın inkişaf startegiyasına dair fikir mübadiləsi apardıq. Stadionda aparacağımız işlər, insanları futbola cəlb etmək, o cümlədən sponsorların tapılması ilə bağlı planlarımız var. 

- Premyer Liqada əsas şərtlərdən biri stadionun standartlara cavab verməsidir. Ancaq Naxçıvandakı stadion, bildiyimizə görə, o qədər də yaxşı vəziyyətdə deyil. Bununla bağlı nə planlaşladırılıb?
 


- Həm AFFA-ya, həm Gənclər və İdman Nazirliyinə rəsmi məktub ünvanlamışıq. "Cahan Holdinq” klubun baş sponsorudur. Həm komanda saxlamaq, həm yeni infrastrukturun tikilməsi ilə məşğul olmaq bir holdinq üçün çətindir. Bunun üçün bizə əlavə qrantlar ayrılmalı, dəstək göstərilməlidir ki, birlikdə işi görək. Futbol böyük təsərrüfatdır. Böyük maliyyə tələb edən idmandır. Burda təkcə əsas komandadan söhbət getmir. Təsəvvür edin, 10 yaşdan 15 yaşa qədər komandalar var. Onlar da saxlanılmalıdır. Dəstək olarsa, çox gözəl. Olmazsa və Premyer Liqa istəyiriksə, Naxçıvandakı stadion təmir edilməlidir. Təmir ediləcək, VİP tribunalar, skaybokslar quraşdırılacaq. Çəkiliş üçün platformalar qurulacaq. Bir platforma var, ancaq bu yalnız divizion şərtlərinə uyğundur. Premyer Liqada isə ən azı 3 yerdə çəkiliş üçün platformalar olmalıdır. Media nümayəndələri üçün, üstü qapalı və hər şeylə təmin olunmuş şəkildə yerlər nəzərdə tutulub. Ən əsası da ot örtüyüdür. Bilirsiniz ki, Naxçıvan elə bir coğrafi iqlimə malikdir ki, qışı çox soyuq, yayı isə həddindən isti keçir. Ona görə də yaxın illər ərzində 3-4 təbii örtüklü meydançanın tikilməsi inandırıcı görünmür. Bunun qısa vaxtda həyata keçirilməsi mümkünsüz görünür. İstəyirik ki, ev oyunlarını keçirəcəyimiz stadion FİFA standartlarına uyğun süni ot örtüyü ilə əvəzlənsin. Çünki Premyer Liqada oynasaq, bunu 2-3 ay ərzində etmək mükündür. Bu bizə imkan verəcək ki, ən azı 3 il ərzində meydança sıxıntısı yaşamadan bir çox məşqlərimizi və oyunlarımızı orada keçirək. Bu, əvəzedicilərimizə, aşağı yaş qruplarından ibarət komandalarımıza da aiddir. Bir də hazırda Şərur şəhərində köhnə stadion var. Həmin stadionun ot örtüyünün dəyişdirilməsi prosesi artıq başlanılıb. FİFA standartlarına uyğun süni örtüklü meydança olacaq. Şərurda Olimpiya İdman Kompleksinin süni ot örtüklü meydançası da var. Bu meydançanın örtüyünün də dəyişdirilməsi ilə bağlı müraciət etmişik. FİFA-nın əsas tələbi meydançadır. Meydançalarmız nə qədər çox olarsa futbolun inkişafına da o qədər tez nail olarıq. Daha sonra məşqçilərin inkişafı ilə bağlı planlarımız var.

- 10 illik proqrama daha nələr daxildir?

- Uzunmüddətli layihədir. Azərbaycanda çox hallarda şahidi olmuşuq ki, sponsor varsa, klub da olur. Sponsor getdikdən sonra həmin klublar dağılıb. Rəhbərlik elə bir təkliflər hazırlayır ki, təkcə sponsorlardan asılı olmayaq. Klubun öz gəlirlərini formalaşdırmasını istəyirik. Atdığımız addımlardan biri klubun fanstorunun yaradılmasıdır. Artıq Naxçıvanda "Araz-Naxçıvan” stor” fəaliyyət göstərir. Orada klubun bütün formaları, məhsulları, ofis ləvazimatları satışda var. Tək bunlar deyil. İllik biletlərin satılması müzakirə olunur. Stadionun ətrafında satış üçün qida məhsulları, içkilər olmalıdır ki, onlardan da gəlir əldə edək. Buna "Qarabağ”ı nümunə göstərə bilərik. Avroliqa oyunları zamanı ən azı bilet, forma satışından gəlirləri var. Bunun özü də kluba dəstəkdir. Marketinq siyasəti elə qurulmalıdır ki, kluba gəlir gətirsin və bu, müvəqqəti olmasın. Hər il yeni-yeni, müxtəlif - qida, su, geyim, otel sahəsində tərəfdaşlar cəlb olunmalıdır. Həmin tərəfdaşların da maraqlarını qarşılamalıyıq.

- Naxçıvanda keçirilən oyunlara bilet satılır? Ümumiyyətlə, azarkeşlərin klubun məhsullarını alması ilə bağlı maraqları çoxdur?

- Xeyr, hələ satılmır. "Araz Naxçıvan” 1967-ci ildə qurulub. Tarixi olmasına baxmayaraq, yeni nəfəs gəlib. Futbol təkcə oyun deyil, həm də böyük təsərrüfatdır. Piramidanın zirvəsində olan bir komanda var. Amma o piramidanın bünövrəsini doldurmaq lazımdır ki, komanda zirvədə qalsın. Sağlam təməllər qurulmalıdır. Yaxşı kadr siyasəti aparılmalıdır. Həftəsonu A komandasının oyunu varsa, hər kəs planını buna uyğun qurur. O saatda hər şey dayanır. Bunlarla yanaşı, bir də azarkeşlərin kluba cəlb olunması ilə bağlı görüləcək işlər var. Komandaya göstərilən qayğı mütləq azarkeşləri həvəsləndirir. Əsas komanda vitrindir. Bu gün azarkeş-valideyn-klub münasibətlərini mükəmməl şəkildə həyata keçirə bilsək, bu ildən ilə artacaq. 2014-cü ildə "Araz Naxçıvan” Premyer Liqanı yarımçıq tərk etdi. Amma ilin yekunlarında statistika "Xəzər Lənkəran”dan sonra oyunlara ən çox Naxçıvanda azarkeş gəldiyini göstərirdi. Halbuki komanda oyunların cəmi 15-20 faizini keçirmişdi. Biz artıq təməl atmışıq. Həm Naxçıvanda həm də Bakıda azarkeşlərlə əlaqədar nümayəndəlik fəaliyyət göstərir. Burda azarkeşlərə səslənirəm ki, darıxmasınlar. Lisenziyalaşdırma şərtlərinin içində azarkeşlərlə əlaqələndirici nümayəndəmiz də olacaq. Hansı ki, sırf azarkeşlərlə bağlı işlər aparacaq. AFFA tərəfindən keçiriləcək maarifləndirici seminarlara onu göndərəcəyik. 

- Azarkeşlərin bugünkü dəstəyi qaneedicidir?

- 17, 19 yaşa qədər futbolçular arasında ölkə çempionatları keçirilir. Birinci Divizion oyunları həftəiçinə təsadüf etdiyinə və günorta saatlarına düşdüyünə görə istədiyimiz azarkeş dəstəyini ala bilməmişik. Buna rəğmən, bacardıqca oyuna gəlməyə çalışırlar. Məsələn, səhv etmirəmsə, "Turan Tovuz”la matçımız 15.30-da idi. İkinci hissədə, yəni axşama doğru daha çox azarkeş gəlməyə başladı. Havaların soyuması ilə əlaqədar saatlar irəli çəkildikcə, azarkeşlərin sayı azalmağa başladı. Premyer Liqaya vəsiqə qazansaq düşünürəm ki, azarkeşlərin sayı daha çox olacaq. 9 ildi ildi Naxçıvandayam. Bu müddətdə futbolla yaşayan insanların olduğunu gördüm. Bunu harada gördüm? 2019-cu ildə 24 komandanın iştirakı ilə futzal çempionatı keçirdik. 450 nəfərlik zal hər oyunda dolurdu. Artıq hərənin azarkeş edəcəyi komandalar və oyunçular vardı. Bombardirlərin siyahısının açıqlanmasını istəyirdilər. 5 tur ərzində bütün komandaarın geyim problemləri həll olundu. Bir müddət sonra komandalar arasında rəqabət başladı. bütün klublarla maarifləndirmə işləri aparırdıq. Hətta, forma yarışına girirdilər. Beləcə, rəqabət gücləndi. Bu da sevindirici hal idi ki, maraq oyanmışdı. Bizə çatan məlumatlara görə kafelərdə belə futzal çempionatından danışırdılar. "Badamlı”nın Azərbaycan kubokunda mərhələ keçməsi səs-küyə səbəb oldu. İrandan legionerlər gətirməyə başladılar. Naxçıvanda Əhməd Ələsgərov, Vaqif Sadıqov, Maşallah Əhmədov kimi baş məşqçilər işləyib, futbolçular oynayıb. Əsgər Abdullayev həm Birinci Divizionda, həm də Premyer Liqada baş məşqçi olub. Klubla azarkeşlər arasında sevgi, hörmət var. 

- Akademiyada vəziyyət necədir? Oradakı məşqçilərin işi sizi qane edirmi?

- Lisenziayalaşdırma şərtlərinə uyğun işlərimizi qururuq. Akademiyamız artıq 4 aydır fəaliyyət göstərir. Seleksiya, daha sonra məşqçilərlə bağlı işlər apardıq və uşaqlar yığıldı. Akademiyada Adil Şükürov kimi legioner həyatı yaşamış, akademiya təcrübəsi olan bir məşqçi dəvət etmişik. 10 yaşdan 15 yaşa qədər olan uşaqlarla məşqlər aparılır. Həftəsonu isə ikitərəfli oyunlar keçirilir. Adil Şükürov həmin uşaqlarla işləyə biləcək məşqçilərlə daha çox vaxt keçirir. "Razısınızmı” sualına gəlincə, bu gün o məşqçilərin hamısı ilk addımlarını atırlar. Onların arasın Naxçıvanda, Bakıda oynamış oyunçular, futbolu yeni bitirənlər, hətta gənclər - 27-28 yaşı olanlar var. Həmin məşqçilərə Adil müəllim özü birbaşa nəzarət edir. Onu saatlarla meydançada görürdüm. Artıq iki aydan sonra hiss edirdim ki, məşqçiləri işin içinə daxil edə bilib. Akademiya ilə bağlı planlara gəlincə, gələcək üçün mərkəzləşdirilmiş sistem qurulacaq və bir mərkəzdən idarə olunacaq. Təbii ki, bunun bir-iki ilə həyata keçiriləcəyi inandırıcı deyil…

(Davamı olacaq)
 
Səbuhi Həsənov