İdman 15:15 06.09.2023

Argentina millisinin sabiq üzvü "Neftçi"də

"Neftçi”nin bir müddətdir davam etdirdiyi hücumçu axtarışı, nəhayət, müsbət həllini tapıb.
 
Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan rəsmi açıqlama verilib. Transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış argentinalı Lukas Melano ilə rəsmi müqavilə bağlanıb.

30 yaşlı forvard yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək. Daha sonra müqavilənin detalları haqqında ətraflı məlumat paylaşılacaq.

Sonuncu klubu "Atletiko Sarmiento” (2023) olan Lukas Melano Argentinanın "Nyuells Old Boyz” (2022), "Sentral Kordoba” (2021), "San-Lorenso de Almaqro” (2021), "Atletiko Tukuman” (2019-2021), "Estudiantes” (2017-2018), "Lanus” (2013-2015), "Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin "Universidad Katolika” (2022) və ABŞ-nin "Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.
 
2013-cü ildə "Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə "Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.
 
Səbuhi Həsənov