Argentinada yeni prezident seçilib. İfrat sağçı siyasətçi, "zəncirli iqtisadçı” ləqəbli Xavyer Miley seçidə qələbə qqzanıb.
Seçkilərin ikinci turunda ona seçicilərin 55%-i səs verib. Yeni prezident çıxışında bəyan edib: "Bu gün Argentinanın bərpası başlayır!”.
Seçki kampaniyası zamanı Miley Argentina Mərkəzi Bankını bağlayacağını və bir çox nazirlikləri, xüsusilə əmək və təhsili ləğv edəcəyini vəd etmişdi. O, həmçinin pesodan imtina edərək, Amerika dollarını milli valyutaya çevirmək niyyətindədir. Latın Amerikasının aparıcı iqtisadiyyatlarından birinin ekssentrik lideri indi Qərb mediasında daha çox müzakirə olunur.
"La Nacion” qəzetinin müşahidəçilərinin fikrincə, ölkə indiyədək heç kimin getmədiyi yola - "terra incognita"ya qədəm qoyub. Dörd onillik demokratik təcrübədən sonra argentinalılar əvvəllər olan hər şeyə meydan oxudular. "Miley rəqibini 11% qabaqlayıb ki, bu da sosioloqların proqnozlaşdırdığından xeyli çoxdur. Bu dəstəyin səbəbi ölkədəki iqtisadi durğunluq, sonsuz maliyyə böhranları və işsizlikdir. Seçki kampaniyasında Miley hazırkı siyasətçiləri tənqid edib, qışqırmağa və rəqiblərini açıq şəkildə təhqir etməyə əl atıb və bu, seçiciləri məftun edib. Argentinalılar onun onlarla eyni olduğuna inanır", deyə nəşr yazır.
"Reuters" qeyd edir ki, yeni prezident boş xəzinə, 150%-ə yaxınlaşan inflyasiya və BVF-yə 44 milyard dollar borcla üzləşməli olacaq. Lakin Miley ölkəni durğunluqdan çıxaracağına söz verib. O, kommunistlərlə, yəni hazırda Argentinanın ən böyük tərəfdaşlarından olan Çin və Braziliya ilə məşğul olmayacağını, lakin ABŞ ilə sıx əlaqələr quracağını deyib. Bu hücuma baxmayaraq, Braziliya prezidenti Lula da Silva Argentinanın yeni seçilmiş rəhbərinə uğurlar arzulayıb və demokratiyaya hörmətin vacib olduğunu bildirib. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Mileyi təbrik edib və bildirib ki, libertarian Argentinanı yenidən möhtəşəm edəcək. Kolumbiya prezidenti Qustavo Petro isə onun qələbəsinin region üçün "kədərli gün” olduğunu deyib.
"Bloomberg" xatırladır ki, iqtisadiyyatın sabitləşdirilməsi ilə bağlı mürəkkəb vəzifələri xüsusi biliyi və təhsili olmayan, rəhbər vəzifələrdə təcrübəsi olmayan şəxs həll etməli olacaq. Gələn il onu istiqrazlar üzrə faizlər də daxil olmaqla 22 milyard dollar xarici borc öhdəliyi gözləyir. Bu, böyük cari əməliyyatlar hesabının profisiti tələb edəcək. Eyni zamanda, siyasətçi milli valyutadan imtina edərək pesonu Amerika dolları ilə əvəz etmək niyyətindədir. Yeni seçilmiş prezident qlobal istiləşməni də inkar edir və abortların qadağan edilməsini və insan orqanlarının ticarətinin qanuniləşdirilməsini müdafiə edir. Bu cür təşəbbüslərə görə Miley asayişi bərpa etmək əzminin əlaməti olaraq mişarla səhnəyə çıxdıqdan sonra "argentinalı Tramp" və "zəncirli iqtisadçı” adlandırıldı.
Tərcümə: Aydın
Qaynarinfo
Şərhlər