İdman 15:20 19.12.2023

Arvadına görə Braziliya millisinin sabiq üzvünü qaçıran kişi cinayətdə ittiham olunur

Braziliya millisinin, İspaniyanın "Valensiya" və digər klubların sabiq futbolçusu Marselinyo Karioka qaçırıldıqdan sonra sərbəst buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.

Futbolçu dekabrın 17-də qadınla birlikdə olduğu konsert zamanı qaçırılıb.

Bazar ertəsi onun avtomobili Sao Paulo əyalətinin İtaquaquesetuba bələdiyyəsi ərazində tərk edilmiş vəziyyətdə tapılıb, həmin vaxt futbolçu hələ də itkin düşmüş hesab olunurdu.

Avtomobilin tapıldığı yerdən bir qədər aralıda polis üç şübhəlini - iki kişi və bir qadını saxlayıb.

Daha sonra eks-futbolçu videomüraciət yazıb və orada konsertdə birlikdə olduğu qadının ərinin insan oğurluğunda əli olduğunu bildirib. Kariokanın gözünün altında böyük qançır görünür. 

Videoda bir qadın da görünüb və Marselinyonun sözlərinə inanmağı xahiş edib. 

Braziliya polisi keçmiş futbolçunun yoxa çıxması ilə bağlı şəraiti araşdırır.

Marselinyo "Flamenqo", "Korintians", "Valensiya", "Santos", "Vasko da Qama" və "Ayaçço" kimi klublarda çıxış edib. O, Braziliya millisində üç oyun keçirib və hesabında iki qol var. Braziliyalı futbolla 2010-cu ildə vidalaşıb. 

Nizami Bağırov