Dünya 12:24 15.06.2022

Astanada Suriya danışıqları başladı: Qaçqınlar geri dönür?

Suriya ilə bağlı Astana danışıqlarının 18-ci raundu bu gün səhər saatlarında suriyalı qaçqınların geri qaytarılma mövzüsu ilə Qazaxıstanın paytaxtı Nursultanda başlayıb.

Qaynarinfo bu barədə "Alalam" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Suriya və Rusiyadan olan nümayəndə heyətləri bu gün səhər danışıqlara start verib. Danışıqların bu raundunda Suriya xarici işlər nazirinin müavini Ayman Susanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

Qeyd edilir ki, Astana danışıqlarının 17-ci raundu dekabrın 21 və 22-də Qazaxıstanın Nursultan şəhərində keçirilib.

Bundan əvvəl Qazaxıstan Xarici İşlər Nazirliyi bəyanat yayaraq görüşün 15-16 iyun keçiriləcəyini və Türkiyə, Rusiya və İran nümayəndə heyətlərinin zamin qismində Suriya hökuməti və müxalifətinin nümayəndələri ilə görüşəcəklərini bildirmişdi.

Vurğulanır ki, iclasda BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geer Pedersen və İordaniya nümayəndə heyətinin də iştirak edəcəyi bildirilir.  Bundan əlavə, görüşə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də qatılacaq.

23 yanvar 2017-ci il tarixindən etibarən Astana prosesi Suriya hökuməti, müxalifət nümayəndələri, Rusiya, Türkiyə, İran və BMT nümayəndələri iştirakilə keçirilir.

M.Arif