Dünya 11:02 08.12.2022

Avropa İttifaqı Kadırovun qızlarına qarşı sanksiyalar hazırlayır

Avropa İttifaqı Çeçenistan lideri Ramzan Kadırovun qohumlarını Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinə daxil etməyi planlaşdırır. Sanksiya siyahısına onun iki qızı və digər qoyumları da daxil ediləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild” qəzeti yazır.

Qəzet qeyd edir ki, Kadırovun qohumlarının Avropadakı hesabları bloklana və ölkəyə girişi qadağan edilə bilər. Onun sözlərinə görə, qərar bu gün Brüsseldə veriləcək.

Sözügedən çeçen liderinin qızlarından biri də Ayşətdir. Onun 23 yaşı var və o, Çeçenistan Respublikasının Mədəniyyət Nazirliyinə rəhbərlik edir. Ayşət həm də "Firdaws” moda evinin sahibidir.

Avropa İttifaqı Kadırovun özünü 2014-cü ildə Krımın qanunsuz ilhaqını və Ukraynadakı silahlı üsyanı dəstəklədiyinə görə sanksiya siyahısına daxil edib. 2017-ci ildə ABŞ Çeçenistan rəhbərinə qarşı sanksiyalar tətbiq edib: o, "məhkəmədən kənar edamlar, işgəncələr və insan hüquqlarının digər ciddi pozuntularına” görə "Maqnitski siyahısı”na daxil edilib.

2020-ci ildə ABŞ Kadırovun ailə üzvlərinə - onun həyat yoldaşı Medni Kadırova, eləcə də qızları Ayşət Kadırova və Xədizat Kadırovaya qarşı sanksiyalar tətbiq edib. Onların hamısına ABŞ-a giriş qadağan edilib. 2022-ci ilin sentyabrında isə Kadırov və ailəsi SDN siyahısına daxil edilib, yəni onlara qarşı bloklayıcı sanksiyalar tətbiq edilib.

Nizami Bağırov