Siyasət 14:20 18.07.2022

Avropa Komissiyası və Azərbaycan: Yeni anlaşma nə vəd edir? - Ekspert

Xəbər verildiyi kimi, Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ-Azərbaycan əməkdaşlığını gücləndirmək üçün bu gün Bakıya səfər edəcəklər.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahbazov və SOCAR prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşlər planlaşdırılıb. Həmçinin bu gün Aİ ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur. 

Səfər barədə Qaynarinfo-ya danışan iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Avropa Komissiyası Prezidentinin ölkəmizə gəlişi və enerji sahəsində imzalanacaq memorandum Azərbaycana yeni investisiyaların cəlb edilməsinə stimul yaradacaq:
 
"Azərbaycanın Aİ ilə enerji anlaşmaları kifayət qədər dərin tarixi köklərə və effektiv əməkdaşlığa söykənir. Qaz anlaşması bundan əvvəl də olub. İndi sadəcə, yeni anlaşma bir institut kimi Aİ-ni Azərbaycanın tərəfdaşı edəcək. Bundan sonra, Aİ-də siyasi rəhbərlikdə hansısa dəyişikliyin olması Azərbaycanla əlaqələrə heç bir təsir göstərməyəcək. Çünki müqavilə Aİ tərəfindən imzalanır.

Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin əsas iştirakçısı, moderatorudur və investorlarından biridir. TANAP və TAP layihələrilə Aİ ölkələrinə qaz veririk. Keçən il 9,2 milyard kubmetr Azərbaycan qazı Aİ ölkələrinə verilib. Bu il isə həmin həcmin 11 milyard kubmetrə çatdırılması gözlənilir. Həcmin artımı üçün əlavə qaz mənbələri və əlavə investisiyalar gözlənilir.
 
O baş vermədən Aİ-nin istədiyi 20 milyard kubmetrlik qazı təkbaşına doldurması çətindir. Bu mənada Aİ ilə Bakı arasında enerji sahəsində imzalanacaq memorandum Azərbaycana yeni investisiyaların cəlb olunmasına şərait yaradacaq. Bəzi yataqların yenidən işlənməsi üçün investisiyalara ehtiyac var. Memorandum imzalanandan sonra ölkəmizə yəqin ki, yeni investorlar da cəlb olunacaq. 

Azərbaycan həmçinin tranzit ölkəyə də çevrilə bilər. Müxtəlif üsul və müqavilələrlə ətraf ölkələrin qaz imkanlarından istifadə edilməsi də düşünülür. Onlardan biri Aşqabad, Tehran və Bakı arasında əldə edilən müqaviləyə əsasən qaz mübadiləsinin həyata keçirilməsidir. Belədə, 1,5 milyard kubmetr qazın Azərbaycana çatdırılması gözlənilir ki, bu da əlavə qaz mənbələri yaratmağa kömək edəcək. Habelə, İranla İraq qazının müəyyən hissəsinin TANAP və TAP vasitəsilə Avropaya çatdırılması da mümkündür. Güman ki, gələcəkdə bununla bağlı da müəyyən müqavilələr imzalanacaq”. 

Rüfət Sultan