Hüseynbala Səlimov
Siyasət 09:26 18.07.2022

Avropa o cəmiyyətlərə yaraşır ki...

Hüseynbala Səlimov

"Sevinsinlər ki, Rusiya müharibə üçün Gürcüstanı yox, Ukraynanı seçdi. Neçə illərdir ki, əlləşib–vuruşurlar, hamısı da boş-boşuna! Ukraynaya və Moldovaya namizəd dövlət statusu verdilər, Gürcüstan isə kənarda qaldı. Qoy, anlasınlar ki, heç kimin Gürcüstanı Avropa İttifaqına və NATO-ya qəbul etmək fikri yoxdur” – bəli, indi Gürcüstan haqqında söz düşəndə təxminən bu sözləri eşidirsən...

Amma məşhur bir Amerika filmi var. Orada baş rolda Cek Nikolson oynayır. Epizodların birində baş qəhrəman deyir ki, mən heç olmasa, cəhd etdim! İndi Gürcüstan haqqında da bu sözləri demək olar – bəli, bu illər ərzində Tiflis Avropa İttifaqına və NATO-ya üzv olmaq üçün heç olmasa cəhd edib...

Otuz min nəfərdən çox adamın, xüsusən də gənclərin iştirak etdiyi böyük etiraz aksiyaları! İnsanlar hökuməti Brüsseldə ölkənin maraqlarını yetərincə müdafiə etməməkdə ittiham edir və Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını sürətləndirməyi tələb edirlər.

Etiraf edim ki, bu siyasi mənzərə məni çox təsirləndirdi, çünki öz ölkəmizdə mən belə şey görməmişəm. Avro-inteqrasiya prosesinə dəstək aksiyası bir tərəfə, hələ görməmişəm ki, müxalifət liderləri öz çıxışlarında bu məsələni qaldırsınlar, illərdir ki, düyünə düşən Avropa İttifaqı ilə saziş məsələsinə toxunsunlar.

Bunun əvəzində bir ara Avropada məskunlaşan iki-üç "müxalifətçi” deyirdi ki, biz Azərbaycanı da Suriyaya çevirəcəyik. Hələ o vaxt belə yazmışdıq ki, əgər insanların sizi eşitməsini istəyirsinizsə, heç olmasa, deyin ki, Azərbaycanı da Avropaya çevirəcəyik. 

İkincisi, kim sizə imkan verər ki, Azərbaycanı da Suriyaya çevirəsiniz? Məgər bu ölkənin sahibi yoxdurmu?..

Mənə elə gəlir ki, bu cür axmaq çağırışlar ondan törəyir ki, insanlarımız avro-inteqrasiya kimi proseslərə bir az biganə yanaşırlar. 

Bəlkə də məhz bunun nəticəsidir ki, neçə illərdir, Avropa İttifaqı ilə saziş imzalanmır. Hər dəfə deyirlər ki, o, artıq hazırdır və imzalanma prosesi sadəcə, vaxt məsələsidir. Qeyd edək ki, Ermənistan Avropa ilə saziş imzalayıb, hətta İsraildə səfirliyini də açıb. Biz isə bu məsələlərdən hətta danışmağa da ehtiyat edirik.

Əlbəttə, biz də dəfələrlə qeyd etmişik ki, indi Qarabağ prosesində çox həssas bir dönəmdir və Qarabağdan rus qoşunları çıxana qədər Kremli qıcıqlandırmağa dəyməz. Kim sübut edə bilər ki, Ermənistanın prezidenti Serj Sarqsyan məhz Avropa İttifaqı ilə sazişin güdazına getmədi? Fəqət bir məsələ var ki, biz gec-tez Avropa İttifaqına doğru addım atmalıyıq. Bu yaxınlarda bəyan etdilər ki, bəs bu günlərdə Avropa İttifaqı ilə çox önəmli saziş imzalanacaq. Ümid edək ki, bu, məhz indiyə qədər gündəmdə qalan saziş olacaq. Amma o olmaya da bilər, çünki arada başqa problemlər də var. Məsələ bundadır ki, Avropa alternativ qaz imkanları axtarır. Bakı Avropanın qaz ehtiyaclarının beş faizini təmin edir. Amma indi Mərkəzi Asiya ölkələrinin də diqqəti Azərbaycana yönəlib və onlar da nefti və qazı Azərbaycan üzərindən Avropaya nəql etməyi düşünürlər. Avropa İttifaqı bəyan etmişdi ki, Azərbaycana tranzit həcmlərini artırmaqda yardımçı ola bilər. Ola bilsin, ki, yaxın günlərdə imzalanacaq saziş bununla bağlıdır...