Siyasət 16:56 10.12.2022

Avropalı diplomatların Qarabağ səfərində məqsəd nədir? – Politoloq

"Aİ-nin nümayəndəsi də daxil olmaqla diplomatik korpus nümayəndələrinin Zəngilan və Qubadlıya səfərinin təşkilində əsas məqsəd Bakının İrəvana təklif etdiyi sülh müqaviləsi şərtlərinin necə yerinə yetirildiyini, burada Azərbaycanın məqsədini, Zəngəzur dəhlizinin ən əlverişli yol olduğunu dünyaya göstərməkdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Aİ-nin Bakıdakı təmsilçisi də daxil Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelərin Zəngilan və Qubadlıya başlayan səfərini dəyərləndirərkən deyib:"Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin işğaldan azad olunmuş ərazilərimizə səfəri Bakı tərəfindən mütəmadi olaraq təşkil olunur. Bu proses davam edəcək. Əvvəlki illərin səfərlərində diplomatlara işğaldan azad olunmuş ərazilərimizdə erməni işğalçıların vəhşiliklərini göstərirdik. Məhz xarici ölkələrin diplomatik nümayəndələri vasitəsilə ermənilərin vəhşiliyini dünyaya çatdırırdıq. Bu missiya layiqincə yerinə yetirildi. Təşkil olunan həmin səfərlər sayəsində bütün dünya ermənilərin 30 il ərzində Azərbaycan torpağında törətdikləri vəhşilikləri, dağıntıları gördülər. Müsəlman dövlətlərinin nümayəndələri də ermənilərin məscidlərdə törətdiyi qeyri-insani hərəkətlərin şahidi oldular. Artıq bu torpaqlar azad edilib. Bundan sonrakı mərhələdə əsas məsələ orada həyata keçirilən bərpa işləridir. İndən belə diplomatik nümayəndələrin həmin ərazilərimizə səfərlərin təşkili Azərbaycanın orada həyata keçirdiyi dinc quruculuq və təmir işlərilə bağlıdır. Son iki ildə bölgədə iki aeroport tikilib istifadəyə verilib. Üçüncü də tikilmək üzərdir. Eyni zamanda, burada infrastruktur layihələri həyata keçirilir. Azərbaycanın da bu məqamda əsas məqsədi görülən quruculuq işlərilə dünya dövlətlərini tanış etməkdir. Bu səfərlər mütəmadi davam etdiriləcək. Səfərdə Aİ nümayəndəliyinin olması da quruculuq işlərində həmin quruma daxil olan ölkələrin iştirakına stimul yaratmaq baxımından da mühüm rol oynaya bilər”. 

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin Zəngilan və Qubadlı rayonlarına səfəri başlayıb. Onlar arasında Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi də var. Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko da qeyd edib ki, bu gün Zəngilan və Qubadlıya baş çəkəcək, Ağalı kəndində olacaq. 

Rüfət Sultan