Ekonomiks 19:33 27.09.2023

Avropaya getmək istəyənlərin nəzərinə: Viza ilə bağlı qaydalar sadələşə bilər (ŞƏRH)

"Azərbaycanla Avropa İttifaqı arasında uzun müddətdir ki, yeni strateji tərəfdaşlıq müqaviləsinin imzalanması istiqamətində danışıqlar gedir. Əgər bu danışıqlar uğurla yekunlaşsa, yəni bu ilin sonu, gələn ilin əvvəli müqavilə imzalansa, viza məsələsinin asanlaşmasına kömək ola bilər”.
 
Bunu Qaynarinfo-ya iqtisadçı ekspert Natiq Cəfərli ABŞ və Avropa ölkələrinə viza verilməsinin çətinliklərindən danışarkən deyib. 

Onun sözlərinə görə, pandemiyadan sonra Avropa ölkələrinə viza verilməməsinin səbəbləri tək koronavirus deyil: 



"Müxtəlif səbəblər var. Bu həm də  Azərbaycanın həmin ölkələrlə qarşılıqlı münasibətlərindən doğur. Yəni qarşılıqlı viza sadələşdirilməsi üçün təkliflər olunub, hətta bununla bağlı danışıqlar da aparılıb. Azərbaycan Avropa İttifaqı ölkələri üçün hələ də vizanı tam ləğv etməyib. Bu proseslər qarşılıqlı olur. Əgər Azərbaycan tərəfi müəyyən addımlar atsa, mənə elə gəlir ki, qarşı tərəfdən də müəyyən addımlar ola bilər”. 
 
Natiq Cəfərli Amerikaya getmək üçün verilən vizalarla bağlı vəziyyətin bir qədər fərqli olduğunu vurğulayıb: 

"Amerikada ciddi miqrant böhranı yaşanır. Biz bunu xəbərlərdən də görürük, Meksika sərhədlərində yüz minlərlə insan Amerikaya girməyə çalışır. Bu da ABŞ-ın viza siyasətini bir az sərtləşdirilməsinə səbəb olub. Burada bir qədər parametlər fərqlidir. Amma Avropa İttifaqı ilə bu məsələ daha asan və tez həll oluna bilər. Qarşlılıqlı güzəştlər, qarşılıqlı müqavilələr imzalansa, Azərbaycan vətəndaşları daha rahat viza ala bilərlər”.

Bahar Rüstəmli