Sənət 16:17 17.06.2022

“Avroviziya”nın gələn il harada keçirilməsiylə bağlı ilkin qərar verildi

"Avroviziya” Mahnı müsabiqəsinin rəsmi saytında təşkilatçının - Avropa Yayım İttifaqının (EBU) Ukraynanın gələn il müsabiqəyə ev sahibliyi edə bilməyəcəyi ilə bağlı bəyanatı dərc olunub.

Qaynarinfo xəbər verir ki, bəyanatda "May ayında "Avroviziya” Mahnı müsabiqəsində qalib gəldikdən sonra EBU daha əvvəl 2017 və 2005-ci illərdə müsabiqəyə ev sahibliyi etmiş Ukraynanın ictimai yayımı UA:PBC ilə gələn il müsabiqənin keçirilməsi variantlarını araşdırır”, - deyilir.

Həmçinin bildirilir ki, "Rusiyanın builki qalib ölkəyə hücumundan sonra davam edən müharibəni nəzərə alaraq, EBU təhlükəsizlik və mühafizə məsələləri də daxil olmaqla, UA:PBC və kənar ekspertlərin cəlb olunduğu tam qiymətləndirmə və texniki-iqtisadi əsaslandırmanın aparılmasına vaxt götürüb”.

Mətndə deyilir: "Avroviziya” Mahnı müsabiqəsi dünyanın ən mürəkkəb televiziya məhsullarından biridir: minlərlə insan bu tədbirin üzərində işləyir, iştirak edir və onun hazırlanması 12 ay çəkir”.

EBU bildirir ki, müsabiqənin rəhbər şurası vəziyyəti analiz etdikdən sonra "dərin təəssüf hissi ilə qərara gəlib ki, şəraiti nəzərə alaraq, UA:PBC "Avroviziya” Mahnı müsabiqəsinin keçirilməsi, təşkili və istehsalı üçün yayımçının tələb etdiyi təhlükəsizlik və əməliyyat təminatlarını təmin edə bilməz".

Onlar həmçinin əlavə ediblər ki, "Avroviziya 2023” bu il ikinci yeri tutan Böyük Britaniyada keçirilə bilər.

Nizami Bağırov