Dünya 17:19 06.06.2023

Avstraliya Ukraynaya 41 ədəd qırıcı təyyarə verməyə hazırlaşır - Şərtlər var

Avstraliya Kral Hərbi Hava Qüvvələrinə məxsus 41 F/A-18 Hornet qırıcısını Ukraynaya verməyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Review” məlumatlı mənbələrə istinadən yazır

Bu yaxınlarda digər Qərb müttəfiqlərinə Ukraynanı F-16 da daxil olmaqla müasir döyüş təyyarələri ilə təchiz etməyə icazə verən ABŞ Avstraliya hakimiyyətinin ideyasına rəğbət bəslədiyini söyləyib. Buna Vaşinqtonun razılığı tələb olunur, belə ki, F/A 18-Hornet 1970-ci illərdə hazırlanmış ABŞ qırıcı-bombardmançı və hücum təyyarəsidir.

Qırıcı təyyarələrin göndərilməsi ilə bağlı danışıqlar barədə məlumatı Ukraynaya konsultasiya verən ekspert Robert Potter də təsdiqləyib. Təyyarələr hazırda Avstraliyada Nyukasl yaxınlığındakı bazadadır. Onlar bir neçə ay ərzində istifadəyə verilə bilər, lakin bəziləri yalnız hissələrə sökülmək üçün uyğundur.

Financial Review-nun qeyd etdiyi kimi, qırıcılar Ukraynaya verilməsə, onlar məhv ediləcək və ya pilotların hazırlanması üçün özəl şirkətə satılacaq. Kiyevə veriləcəyi təqdirdə, Avstraliya və ABŞ qırıcılardan yalnız Ukraynanın hava məkanında istifadə oluna biləcəyi şərti qoyacaq. Bu tələb pozularsa, təyyarə sahibləri onlara xidmət göstərməkdən imtina edəcəklər.

Qeyd edək ki, bundan əvvəl ən azı beş Avropa ölkəsi - Belçika, Böyük Britaniya, Danimarka, Niderland və Norveç Ukraynaya ABŞ-ın F-16 qırıcılarını verməyə hazır olduqlarını açıq şəkildə bildiriblər. Uzun müddətdir Kiyevə döyüş təyyarələrinin verilməsinə qarşı çıxan Vaşinqton NATO ölkələrində olan F-16-ların Kiyevə çatdırılmasına icazə verib.

Bundan sonra bəzi Aİ ölkələrində ukraynalı pilotların F-16-da təliminə başlanılıb, Avropa diplomatiyasının rəhbəri Xosep Borrel bildirib ki, təlimlər xüsusilə, Polşa və Niderlandda keçirilir. 

Nizami Bağırov