Dünya 16:08 26.01.2023

Axios: İsrail köhnə HHM raketlərini Ukraynaya verməkdən imtina etdi

ABŞ prezidenti Co Baydenin administrasiyası İsraildən Ukraynaya ötürmək üçün orada saxlanılan köhnə "Hawk” zenit-raket komplekslərini istəyib. 

Qaynarinfo xəbər verir ki, Axios portalının üç İsrail və Amerika rəsmisinə istinadən verdiyi məlumata görə, İsrail hakimiyyəti bundan imtina edib.

İndiyədək İsrail Rusiya ilə münasibətlərin pisləşməsinin Suriyada fəsadlara səbəb ola biləcəyindən ehtiyat edərək, ABŞ və Ukraynanın silah tələblərinin əksəriyyətini rədd edib. Belə olan halda İsrail hakimiyyəti də Ukraynadakı münaqişə ilə bağlı siyasətindən əl çəkməyəcəklərini bəyan edərək bundan imtina edib. 

Hawk sistemlərini İsrail 1960-cı illərdə Misir və Suriyanın hava hücumlarından qorunmaq üçün ABŞ-dan alıb. Daha sonra onlar xidmətdən çıxarılaraq daha müasir hava hücumundan müdafiə sistemləri ilə əvəz olunub. Axios yazır ki, yüksək rütbəli İsrail rəsmisinin sözlərinə görə, təxminən 10 Hawk batareyası və yüzlərlə raket İsraildə anbarda qalır. Eyni zamanda, Amerika tərəfinə Hawk sistemlərinin "köhnəldiyi" və texniki xidmət göstərilmədən uzun müddət saxlanması səbəbindən işləyə bilmədiyi barədə məlumat verilib. Bununla belə, Axios mənbələri qeyd edir ki, buraxılış qurğuları həqiqətən də yararsız vəziyyətə düşüb, lakin yüzlərlə raket təmir olunaraq döyüşə hazır vəziyyətə gətirilə bilər.

Agentliyin məlumatına görə, ABŞ oxşar tələblə təkcə İsrailə deyil, həm də vaxtilə Hawk hava hücumundan müdafiə sistemlərinin təchiz olunduğu digər ölkələrə də müraciət edib.

Alpər