Hüseynbala Səlimov
Siyasət 09:50 31.10.2022

Azadlıq və özbaşınalıq...

"Sülh sazişi zəruridir, amma bizim Ermənistanı nəyəsə məcbur etmək, ona nəyisə diqtə etmək fikrimiz yoxdur” – bəli, sonuncu Valday diskussiya klubundakı mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin belə dedi...

Bu detalın üstündə niyə dayandıq? Bütün bunlar, necə deyərlər, tanış sözlər, tanış çağırışlardır. Bu on illər ərzində belə bəyanatları çox eşitmişik – Rusiya və Qərb ölkələri konfliktologiya üzrə dərsliklərində bir şey yazıblar, praktiki siyasətdəsə fərqli addımlar atıblar. 

"Təcavüzkar dövlət sülhə məcbur edilməlidir” – bunlar kitablarda yazılanlardır. "Ermənistana diqtə etmək fikrimiz yoxdur” – bu isə indiyə qədər səslənən siyasi bəyanatlardandır. 

Nə demək olar? Böyük rus yazıçısı Fyodr Dostoyevskinin qəhrəmanlarından birinin sözlərdir ki, əgər Tanrı yoxdursa, deməli, hər şey icazəlidir. Beynəlxalq münasibətlər sistemində Tanrı beynəlxalq hüquq və ədalət anlayışlarıdır. Bu anlayışlar yoxdursa, deməli, hər şey icazəlidir, özbaşnalıq təbii bir haldır. Maraqlısı bilirsinizmi, nədir? Valday klubundakı çıxışında Putin Soljenitsın, filosof Zinovyev kimi böyük Dostoyevskidən də misallar gətirdi. Amma axır vaxtlar ideoloq kimi çıxış edən Rusiya prezidenti nədənsə bir az əvvəl qeyd etdiyimiz sitatı yada salmadı. Səbəb də budur ki, bu sözlər ona sərf etmir. Amma Rusiya prezidenti bir şeyi unutmamalıdır ki, avtoritar ölkələrin böhranı o vaxt dərinləşir ki, onların liderləri "baş ideoloq”, "ideya lideri” qismində çıxış etməyə başlayır və ölkədə hakim "ideologiya” formalaşır. Odur ki, bir-iki il bundan əvvəl "Rusiya daha qlobal çağırışlara malik ölkə deyil” deyən Qərb analitikləri və siyasətçiləri bu tezislərini təzədən nəzərdən keçirməlidirlər. 

Qayıdaq Azərbaycanla Ermənistan arasındakı sülh sazişi məsələsinə. Avqustun sonunda Brüsseldə keçirilən məşhur görüşdə qərara alınmışdı ki, noyabr ayında keçiriləcək görüşdə bu məsələyə ciddi təkan verilsin, sülh sazişinin layihəsi hazırlansın. Həmişə olduğu kimi, bu dəfə də Ermənistan Brüsseldə bir şey dedi, burada tamam başqa şey etdi. Amma Praqada keçirilən görüşdə belə duyuldu ki, sülh sazişi məsələsi buna rəğmən hələ də aktuallığını itirməyib. 

Biz bu sətirləri yazanda məlum oldu ki, oktyabrın 31-də Soçidə Rusiyanın vasitəçiliyilə növbəti üç tərəfli görüş keçirilə bilər. Bizə elə gəlir ki, bu görüş ərəfəsində Valday diskussiya klubunda Rusiya prezidentinin "Ermənistana diqtə etmək fikrimiz yoxdur” deməsi heç də təsadüfi deyildi. Kreml İrəvana işarə edir ki, tələsməsin, onun sazişlə bağlı öz müttəfiqinə təzyiq etmək fikri yoxdur. Burada həm də onu qeyd etmək lazımdır ki, Praqa görüşündən sonra Ermənistan Azərbaycanla sərhədlərində Avropanın xüsusi missiyasını yerləşdirdi. Bunu həm də Rusiyaya qarşı demarş kimi qiymətləndirmək olar. Ermənistan KTMT-nın üzvüdür və onun bu təşkilatın başı üzərindən hərəkət edərək faktiki olaraq Avropa sülhməramlılarını öz ərazisində yerləşdirməsi o deməkdir ki, İrəvan ağalarını dəyişə bilər...

Ona görə də prosesdə təzədən pat vəziyyəti yaranır. ABŞ və Fransa otuz ildə göstərmədikləri fəallığı bu bir-iki ildə Ermənistan üçün nümayiş etdirməyə və göstərməyə çalışırlar. Bu iki ölkə "Ermənistanı qorumaq” niyyətində olduqlarını gizlətmirlər və bu, əlbəttə ki, İrəvanı təzədən öz siyasi xəttini destruktiv istiqamətə yönəltməyə şirnikləndirir. Burada bir daha məşhur ifadə yada düşür: "Sabah qaldığımız yerdən başlayacağıq”. 

Bir az əvvəldə qeyd etdik ki, biz belə bəyanatları çox eşitmişik. Minsk Qrupunun həmsədrləri əvvəllər də deyirdilər ki, onların tərəflərə diqtə etmək niyyətləri yoxdur – guya onlar sülh yolu ilə, danışıqlar vasitəsilə özləri öz aralarında bir razılığa gəlməlidirlər. 

Amma bu, olmadı. Otuz il gözlədik. Amma Ermənistan könüllü şəkildə bircə qarış belə Azərbaycan torpağını boşaltmadı, o, buna yalnız İkinci Qarabağ savaşı zamanı məcbur oldu. Təzədən deyilir ki, Ermənistana diqtə etməyəcəyik. Guya Ermənistan azad və müstəqil ölkədir. Amma azadlıq, suverenlik və müstəqillik özbaşnalıq demək deyil – bir dövlətin suverenliyi və müstəqilliyi digər dövlətin suverenliyinin və müstəqilliyinin başladığı yerdə bitir...
 
Hüseynbala Səlimov