Siyasət 16:10 17.02.2023

"Azərbaycan-Ermənistan tənzimləmə səylərinə zərbə vuran biri varsa, o da Qərbdir" - Zaxarova

Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması səylərinə zərbə vurulubsa, o da başda ABŞ olmaqla Qərb dövlətlərinin özləri, formatı hələ ötən ilin fevralında tarixin zibilliyinə atılmış ATƏT-in Minsk Qrupudur.

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə jurnalistin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, o zaman amerikalı və fransalı həmsədrlər uydurma bir bəhanə ilə rusiyalı həmkarları ilə qarşılıqlı əlaqəni dayandırıblar.

"Bunun aydın izahı yox idi. Bunu nəzərə alaraq, biz diqqəti İrəvan və Bakıya dəfələrlə müzakirə edilmiş və izah edilmiş ən yüksək səviyyədə müvafiq sazişlər toplusu əsasında üçtərəfli formatlar çərçivəsində yardım göstərməyə yönəltmişik", - o deyib.

Ermənistan-Azərbaycan nizamlanması məsələsində ABŞ-ın vasitəçiliyinə gəlincə, Rusiya Xarici İşlər Nazirliyi bunun real addımlarla tamamlanacağını və hər hansı əlavə dəyər qazanacağını görmür.

Qeyd edək ki, Ermənistan tərəfi dəfələrlə ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Qarabağ üzrə sülh prosesinin bərpa olunmasının tərəfdarı olub.
Bu arada, aprel ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin üçlüyünün aqibətinin necə olacağından xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, bu qeyri-müəyyənliyin səbəbi Rusiya Federasiyası ilə bu formatda əməkdaşlıqdan imtina edən ABŞ və Fransanın mövqeyindədir. Artıq noyabrın ortalarında amerikalı vasitəçi Filip Riker də ATƏT-in Minsk Qrupunun faktiki olaraq fəaliyyət göstərmədiyini təsdiqləyib.

Alpər