Noyabrın 21-22-də Kişineuda Moldova Respublikası Mərkəzi Seçki Komissiyasının 25 illik yubileyi münasibətilə tədbir və beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası sədrinin ünvanladığı dəvətə əsasən, Azərbaycan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov və Komissiya Katibliyinin şöbə müdiri Ramin Nurəliyev tədbirlərdə iştirak ediblər.
Müxtəlif nüfuzlu beynəlxalq təşkilatların rəsmilərinin, çoxsaylı xarici ölkə təmsilçilərinin, eləcə də seçkilər üzrə tanınmış ekspertlərin qatıldığı beynəlxalq konfrans Moldova Mərkəzi Seçki Komissiyası, Parlamenti və Konstitusiya Məhkəməsi sədrlərinin açılış nitqləri ilə başlayıb. Konfransda seçki praktikasının və qanunvericiliyin təkmilləşdirilməsində seçki idarəetmə orqanlarının rolu və bir sıra digər mövzularda çıxışlar olunub və müzakirələr aparılıb.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov beynəlxalq konfransın gündəliyində nəzərdə tutulduğu kimi müvafiq mövzuda təqdimatla çıxış edib və Azərbaycanın seçki təcrübəsini bölüşüb. O, öz nitqində ölkəmizdə seçki sisteminin və qanunvericiliyin daha da təkmilləşdirilməsi, seçki prosesində şəffaflığın yüksək səviyyədə təmin olunması və bu istiqamətdə həyata keçirilən veb kameralardan istifadə təcrübəsi, habelə müxtəlif statuslu seçki subyektləri üçün müxtəlif səpkili genişmiqyaslı layihələrin gerçəkləşdirilməsi istiqamətində görülmüş işləri və aparılan islahatları iştirakçıların diqqətinə çatdırıb, onları maraqlandıran sualları cavablandırıb.
Moldova Mərkəzi Seçki Komissiyasının 25 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransa noyabrın 22-də yekun vurulub.
Şərhlər