Siyasət 15:07 30.05.2023

“Azərbaycan və İsrail arasında münasibətlər qardaşlıq mərhələsinə qədəm qoyur”– Politoloq

"İsrail Prezidentinin Bakıya səfəri Azərbaycanı Yaxın və Orta Şərqdə yeni siyasi oyunçuya çevirəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev İsrail Prezidenti İsxaq Hersoq Azərbaycana səfərə gəlişini şərh edərkən deyib:
 
"İsrail Prezidentinin Azərbaycana səfərinin İrana heç bir aydiyyatı yoxdur. Azərbaycan müstəqil xarici siyasət yürüdür və biz bu zaman kiminləsə məsləhətləşmirik. Ümumiyyətlə, kiminsə məsləhətinə də ehtiyacımız yoxdur. Azərbaycanın Ermənistanın yürütdüyü siyasətdən xoşu gəlmir. Amma İran Ermənistanla hər cür əlaqə yaradıb. Bakı isə buna görə Tehrana heç nə demir. Azərbaycanın ən böyük diasporası İsraildə yerləşir. Təl-Əviv Bakı ilə münasibətlərə ona görə müsbət yanaşır ki, Azərbaycan burada yaşayan yəhudi icmasına kifayət qədər müsbət münasibət bəsləyən tək-tək dövlətlərdəndir. Azərbaycanda dil və dinindən asılı olmayaraq hər kəsə qardaş kmi baxılır. Azərbaycan İsrailin texnologiyası və innovasiyasından yararlanmaq məsələsini gündəmə gətirəcək. Azərbaycan həmçinin İsrailin kənd təsərrüfatı sahəsində əldə etdiyi nailiyyətləri mənimsəyə bilər. İsrail səhrada cənnət yaradıb. Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi artacaq. İsrail ölkəmiz üçün qardaş dövlətdir”. 

Qeyd edək ki, İsrail Prezidenti İsxaq Hersoq Azərbaycana səfərə gəlib. 

Rüfət Sultan