Ekonomiks 12:55 14.12.2023

Azərbaycanda bu şəxslər 60 min manat maaş alır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev hesab edir ki, dövlət xəstəxanalarında çalışan həkimlər 1000 manatdan az maaş almamalıdır.

Z.Əliyev dekabrın 14-də keçirdiyi brifinqdə qeyd edib ki, bu əsas məqsədlərdən biridir.

O vurğulayıb ki, hazırda terapevtlər əlavə bonuslarla birgə orta hesabla 1600 manata yaxın maaş alır.

Onun sözlərinə görə, cərrah və oftalmoloqlarda bu məbləğ bir az çoxdur:

"Bu digər ölkələrlə müqayisədə bir az aşağıdır. Xidmətlər zərfində bir çox qiymətlər artıb. Qurum tərəfindən xəstəxanalara xidmətlər çərçivəsində ödənən məbləğlər həmin əməliyyatları icra edən həkim-cərrah bonus olaraq yazılır. Cərrahlar təbii ki, nisbətən daha çox məvacib alır. Bu da onların icra etdiyi bahalı əməliyyatların qiymətlərinə görə dəyişir".

Sosial şəbəkələrdə həkimlərin 60 min manat maaş aldığı iddialara cavab verən Zaur Əliyev bildirib ki, bu bəzi yüksək ixtisaslı cərrahlara şamil edilə bilər:

"Çox az sayda cərrahlar var ki, icra etdiyi bahalı cərrahi əməliyyatların bonusları, vahid tarif cədvəli və aylıq sabit əlavələrlə birlikdə bu məbləği ala bilməsi mümkündür".//report.az