Zaur Əliyev
Sənət 12:29 21.02.2022

Azərbaycanda elmi dissident hərəkatının banisi Xudu Məmmədov

1960-cı il. London. Məşhur ingilis alimi Fred Qlas və onun xanımı Lesli Qlasserin qapısı döyülür. Fred Qlas qapını açanda dəblə geyinən bir kişi ona salam verir: "Mənim adım Məhəmməd Kəngərlidir. Azərbaycanlıyam. Bakıdan olan qonağınızın qaldığı mehmanxanaya getdim və orda onu tapa bilmədim. Mənə dedilər ki, o, sizin qonağınızdır. Onunla görüşə bilərəm?".

Ev yiyəsi qonağı çağrır: "Mister Xudu, sizi bir nəfər görmək istəyir”.

Bu qonaq görkəmli kristalloqraf, təbiətşünas-filosof Xudu Surxay oğlu Məmmədov və onunla görüşmək istəyən şəxs isə Azərbaycan Milli Mərkəzinin rəhbəri, mühacir, Məhəmməd Əmin Rəsulzadənin şəxsi həkimi Məhəmməd Kəngərli idi.

Xudu müəllim qapıya yaxınlaşanda Məhəmməd Kəngərli ona yaxınlaşıb bərk-bərk qucaqlayır və gözlərindən yaş axaraq, "səndən vətən iyi gəlir əzizim, sizinlə söhbət edə bilərəmmi” deyir. Hər ikisi qonaq otağına keçir. Məhəmməd Kəngərli özünü təqdim edib mühacirətdə olan azərbaycanlıların onunla görüşmək istədiyini bildirir. Xudu müəllim Sovet təhlükəsizlik orqanlarının onu izlədiyini bildirir, amma görüşə razı olur. Məhəmməd Kəngərli Londonda bir neçə azərbaycanlı mühacirlə görüş keçirən Xudu Məmmədova Vətənə geri dönməyə hazırlaşarkən hədiyyəsi olduğunu bildirir. Bu hədiyyə isə cəmi 23 ay müstəqil olan Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağı idi. İndi isə daha ətraflı:

X.Məmmədovun görkəmli alim Con Bernalla ilk görüşü 1956-cı ildə olur. O vaxt Moskva şəhərində Beynəlxalq Sülh Konfransı keçirilir. Con Bernal laboratoriyasında uzun müddət problem quruluşlarından olan ksonotlit və vollastonit minerallarının quruluşunu yüksək dəqiqliklə təyin edən X.Məmmədovla görüşür. İnstitutda elmi diskussiyadan sonra X.Məmmədovla tanışlıq onu çox heyrətləndirir və onu Londona "Sement Silikatlarının Quruluşunun Tədqiqi” elmi mərkəzinə dəvət edir. 1960-cı ildə Xudu müəllimin Londona ilk səfəri baş tutur. İki həftə burda qalan Xudu müəllim barəsində yerli qəzetlərdən məlumat alan Azərbaycan mühacirləri onunla görüş üçün çalışırlar. Onun yanına isə Məhəmməd Kəngərlini göndərmək qərarına gəlirlər. Beləliklə ilk görüş baş tutur və Xudu müəllimə bayrağı verən zaman Kəngərli deyir: "1955-ci ildə Zeynəb Xanlarova Almaniyada konsert verən zaman ona yaxınlaşdım  və xahiş etdim ki, Azərbaycanın üç rəngli bayrağın ona hədiyyə etmək istəyirəm. Zeynəb xanım qorxuya düşdü və dedi ki, bəs o müğənnidir, siyasətə qarışmaq istəmir. Mən kor-peşiman geri qayıtdım. İndi isə Sizdən xahiş edirəm, bu bayrağı Vətənə aparın”.

Vətənə qayıtdıqdan sonra Xudu Məmmədov 1969-cu ildə Milli Azadlıq Qərargahı təşkilatının qurucularından biri olur. Bununla da Azərbaycanda milli azadlıq ruhunun inkişafına təkan verir. Sonrakı illərdə gənc tələbələrə bu istiqamətdə gizli məkanlarda təbliğat aparılırdı. Gizli cəmiyyətin üzvləri arasında Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Çingiz Abdullayev, Cahid Hilaloğlu, İlyas Əfəndiyev, Sabir Əhmədli, Sabir Yanardağ, bəstəkar Qara Qarayev, Xan Şuşinski, İsa Muğanna, aşıq Mikayıl Azaflı, Rəsul Rza, Nadir Ağayev və başqaları var idi. Bu gizli hərakat ədəbiyyatda və elmdə sətiraltı olaraq Azərbaycan Cümhuriyyətini təbliğ edir və sovet rejimin xalqımızın başına gətirdiklərin yazırdılar. Sovet quruluşunun, ideologiyasının, cəmiyyətinin insanı öz qanından, genindən, kökündən ayrı salması məsələsi kəskin olaraq əsərlərdə tənqid olunurdu. Bu cəmiyyətdə Azərbaycanın üç rəngli, ay ulduzlu bayrağı da var idi. Gizli surətdə bayrağı Azərbaycana gətirən Xudu müəllim universitetdə yaratdıqları gizli təşkilat üzvlərinə bayrağı göstərir. Daha sonra onun təşəbbüsü ilə kağız üzərində həmin bayrağın rəsmini çəkərək, üzvlərə paylayırlar.

Bu cəmiyyətin üzvləri gizli şəkildə kommunist diktaturasının doğurduğu eybəcərlikləri pisləyən vərəqələr yazıb divarlara vururdular. Əhalini beynəlxalq təşkilatların nəzarəti altında, demokratik seçkilər keçirməyə, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarıb, müstəqil dövlət qurmağa çağırırlar. Səfəvilər imperatorluğunun qurucusu, şair Şah İsmayıl Xətaidən və Azərbaycan tarixindən bu gizli görüşlərdə söhbət gedirdi. Azərbaycan tarixinə rus və ermənilərin müdaxiləsini qətiyyətlə pisləyən Xudu Məmmədov və cəmiyyətin üzvləri tarixin reallığından mühazirlələr deyirdilər. Həmin məruzələr məxfi qrifi ilə geniş tədqiqatçılardan gizlədilirdi. O zaman gizli elmi müəssisələrdə çalışanların çoxu ictimaiyyət arasında tanınan adamlar olub. Buna elmi dildə dissitdentlər deyirlər. Sovet dövründə Vaqif Səmədoğlunun "Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada” misralı məşhur lirik şeirində yaşıl rəngə müəyyən mənalar verir, çapına qadağalar qoyulurdu. Onlar bunu Cümhuriyyətin bayrağının sətiraltı təbliğatı kimi izah edirdilər. Yaxud Xan Şuşinski sovet illərində bəslədiyi "Şuşanın dağları" mahnısı ilə o illərdə Azərbaycanın dövlət rəmzini musiqi ilə vəsf edib: "Mavi səması dumanlı, qırmızı koftaya bürünən ətəyi yaşıl Azərbaycan”. Bu ideoloji mübarizənin bu gün də dinlənilən, unudulmayan nümunəsidir. 

Sabir Əhmədlinin əsərlərin mahiyyətində antisovet təbliğatı dururdu. İsa Muğannanın 1959-cu ildə yazdığı "Yanar ürək” romanında kommunist rəhbərlər tənqid olunub. "İdeal” romanı isə antisovet ruhunda yazılıb. O dövrdə alimlər, tanınan simalar Moskvadan gətirilən sovet hökuməti əleyhinə ədəbiyyatı geniş yayır, gizli yığıncaqlar keçirir, mübahisəyə hazırlaşır, partiyaya yad olan, dövlət siyasətindən narazı olan adamlardan istifadə edirdilər. Dəfələrlə partiya iclaslarında bu cəmiyyətin üzvü olan Xudu Məmmədov, Bəxtiyar Vahabzadə və digərlərinin məsələsini müzakirəyə çıxarırdılar. Universitetdən uzaqlaşdırılmaqla hədələyir, süni konfliktlər salırdılar. Yəni Müşfiqi, Cavidi məhv edən rejim yaşayan şairlərə dinclik vermirdi. Onlara verilən əzabı bəlkə də çoxları görmürdü. Bizlərin yadında daha çox sovetlərin son dönəmi qalıb. Əslində, Stalin rejimi və sonrakı dövrlərdə vəziyyət - xüsusən milli dəyərlərlə bağlı vəziyyət olduqca ağır idi. Xalq bayramını keçirə bilmir, dinindən uzaqlaşdırılır, dili işlənmirdi.

Bir sözlə Xudu Məmmədovun Azərbaycanın neçə nəsil vətənpərvər ziyalısının yetişməsində müstəsna xidməti olub. 

Zaur Əliyev
dosent