Ölkə 21:07 28.11.2023

Azərbaycandakı universitetlərdə neçə tələbə qızılcaya yoluxub?

Son günlərdə qızılcaya yoluxma hallarında artım müşahidə edilir. Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin aprel ayından başlayaraq qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.

Nazirliyin məlumatında bildirilir ki, ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub. Nazirliyin məlumatında, həmçinin qeyd edilib ki, qızılcaya yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Eyni zamanda, tələbələr arasında da qızılcaya yoluxma halları qeydə alınıb.

APA bununla bağlı Azərbaycan universitetləri arasında sorğu keçirib.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) deyilib ki, müəllim və tələbələr arasında hazırda qızılcaya yoluxma halı müşahidə olunmur:

"Yalnız bir tələbəmiz universitetdən kənarda, ailəsinin yaşadığı Cəlilabad rayonunda qızılcaya yoluxub. Həmin tələbə elə Cəlilabadda karantinə götürülüb, müalicə-profilaktik tədbirlər görülüb və artıq sağalıb”.

"Ölkə miqyasında qızılcaya yoluxma halı ilə bağlı son zamanlar yayılan məlumatlar və bəzi faktlarla əlaqədar olaraq AzMİU-da ciddi nəzarət mexanizmi qurulub. Əgər yoluxma halı aşkar edilərsə dərhal adekvat tədbirlər görüləcək”, - deyə qeyd edilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2 tələbə qızılcaya yoluxub:

"Müəllimlər arasında qızılcaya yoluxma qeydə alınmayıb”.
Azərbaycan Texniki Universiteti (AZTU) ümumilikdə 8 tələbədə qızılca aşkarlandığını bildirsə də, Səhiyyə Nazirliyi qeyd edib ki, noyabr ayı ərzində AZTU-dan 1 nəfər qızılcaya şübhəli şəxsin məlumatı daxil olub və onun son diaqnozu inkar edilib.

Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad filialından bildirilib ki, 3 nəfər qızılcaya yoluxub. Onlardan 2 tələbə oktyabrda qızılcaya yoluxub, noyabrın əvvəlindən dərslərinə davam edir:

"Qızılcaya yoluxmuş 1 tələbənin isə müalicəsi evdə davam etdirilir”.

Lənkəran Dövlət Universitetində 2 tələbə qızılcaya yoluxub.

"Müəllimlər arasında qızılcaya yoluxma qeydə alınmayıb. Universitet tələbələri arasında kütləvi yoluxma yoxdur”, - deyə universitetdən bildirilib.

Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Pedaqoji Universiteti, eyni zamanda Şamaxı, Quba filiallarında, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Tibb Universitetində tələbə və müəllimlər arasında qızılcaya yoluxma faktı qeydə alınmayıb.